Avropa İttifaqı Şurası Rusiyaya qarşı Avropa məhdudiyyətlərinə düşən malların tədarükündə, eləcə də neft və maliyyə sahələrində sanksiyalardan yayınmada əli olan üç fiziki şəxsə və doqquz şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər görüb. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas məlumat yayıb.
Siyahıya “Movers Group”, “DT Inier” və “United Stream” də dax olmaqla Rusiya logistika və maliyyə şirkətləri, eləcə də onların rəhbərləri və sahibləri daxil edilib. Həmçinin Aİ-nin məlumatına görə, sanksiyalardan yayınma sxemlərində iştirak edən Türkiyədə qeydiyyatdan keçmiş “Begler” və “MEDSE Group” ticarət şirkətləri də məhdudiyyətlərə məruz qalıb.
Ayrı-ayrı tədbirlər isə BƏƏ, Hindistan və Seyşel adalarından olan, “kölgə flotu” və Rusiya neftinin tədarükü ilə əlaqəli şirkətlərə qarşı yönəlib. Onların arasında “DIS Logistics”, “Vigor Marine Services”, “Shiva Shipping” və Rusiya neftini Hindistana tədarük edən “Hurus Trade” vasitəçisi də var.
Bütün fiziki və hüquqi şəxsləri aktivlərin dondurulması və onlara vəsaitlərin və ya iqtisadi resursların verilməsinə qadağa gözləyir. Fiziki şəxslər üçün həmçinin Aİ-yə giriş qadağası qüvvədədir. Kaja Kallas bəyan edib ki, Brüssel Moskva üçün Ukraynaya qarşı müharibəni davam etdirməyi daha da çətinləşdirmək və bahalaşdırmaq niyyətindədir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
