BVF-dən qlobal iqtisadiyyatla bağlı həyəcan təbili: Çətinlik çəkən ölkələrə maliyyə dəstəyi artırılmalıdır
Beynəlxalq Valyuta Fondunun (IMF) üzv dövlətləri silahlı münaqişələr və enerji resurslarının qiymətlərində müşahidə olunan artım fonunda ciddi iqtisadi çətinliklərlə üzləşən ölkələrə maliyyə dəstəyinin genişləndirilməsi ilə bağlı çağırış ediblər.
Bu barədə Tailandın paytaxtı Banqkok şəhərində keçirilən Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin iclasının yekunlarına dair yayılan rəsmi bəyanatda bildirilib.
Qlobal təchizat zəncirləri və ərzaq təhlükəsizliyi təhlükə altında
Sənəddə mövcud geosiyasi vəziyyətin qlobal ticarətə təsirləri xüsusi vurğulanıb:
“Münaqişələrin və ticarət sahəsində gərginliyin artması vacib marşrutların fəaliyyətinin daha da pozulmasına, neft məhsulları daxil olmaqla, xammala qiymət təzyiqinin artmasına, o cümlədən enerji və ərzaq təhlükəsizliyinin pisləşməsinə səbəb ola bilər.”
Komitənin sədri, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cədaan qlobal iqtisadiyyat üçün əsas risklərin məhz mövcud vəziyyətin daha da pisləşməsi ehtimalı ilə əlaqədar olduğunu diqqətə çatdırıb.
İslahat aparan və aşağı gəlirli ölkələrə xüsusi diqqət
Bəyanata əsasən, IMF-ə üzv ölkələr iqtisadi islahatlar həyata keçirən və dövlət borcunun azaldılması istiqamətində mühüm addımlar atan dövlətləri dəstəkləmək barədə ümumi razılığa gəliblər.
Yardım paketlərində və dəstək mexanizmlərində əsas diqqət aşağı və orta gəlirli ölkələrə, həmçinin silahlı münaqişələrdən birbaşa zərər çəkmiş dövlətlərə yönəldiləcək.
Maliyyə qeyri-sabitliyini artıran yeni faktorlar
Komitə həmçinin qlobal maliyyə sistemini təhdid edən digər çağırışlar barədə də xəbərdarlıq edib. Bildirilib ki, qabaqcıl intellektual texnologiyaların (süni intellekt) sürətli inkişafı, istiqrazların gəlirliliyinin artması və geoiqtisadi fraqmentasiya gələcəkdə maliyyə qeyri-sabitliyini daha da gücləndirə bilər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
