Türkmənbaşı ilə Ələt limanları arasında müntəzəm fider gəmiçilik xəttinin yaradılması təklif olunub.
Bu təkliflə Azərbaycan Ekspeditorlar Assosiasiyası sədrinin müavini Elmir Poladov “Avropa İttifaqı – Azərbaycan Biznes Forumu 2026” tədbirində çıxış edib.
Xəzər dənizinin səviyyəsinin enməsi və liman infrastrukturunun vəziyyəti
E. Poladov Xəzər dənizinin səviyyəsinin enməsinin davam edəcəyinin proqnozlaşdırıldığını bildirib:
“Bildiyiniz kimi, Xəzərin səviyyəsi əsasən Volqa çayından gələn suyun həcmindən asılıdır. Hazırda isə Volqa çayı vasitəsilə Xəzərə daxil olan suyun həcmi azalır. Buna görə də limanlarda yalnız dibdərinləşdirmə işlərinin aparılması kifayət deyil, daha genişmiqyaslı tədbirlər görülməlidir. Hər il bir neçə metr, hətta 5 metr dərinlikdə qazıntı işləri aparmaq mümkündür. Lakin növbəti il suyun səviyyəsi yenidən aşağı düşərsə, bu işləri təkrar görmək lazım gələcək”.
Orta Dəhliz və Türkmənistanın nəqliyyat potensialı
Assosiasiya rəsmisi qeyd edib ki, Türkmənistan Orta Dəhliz üçün böyük imkanlar və eyni zamanda ciddi çağırışlar yaradır:
“Əgər Türkmənistan Orta Dəhlizlə daşımaların inkişafına həqiqətən töhfə vermək istəsə və bu istiqamətdə fəal addımlar atsa, ölkənin böyük potensialı və yaxşı infrastrukturu var. Türkmənbaşı limanı kifayət qədər böyükdür və yaxşı infrastruktura malikdir. Bununla belə, Türkmənistanın ekspeditorları ilə işləmək müəyyən çətinliklər yarada bilər. Onların xarici şirkətlər və agentlərlə əməkdaşlıq sahəsində təcrübəsi o qədər də geniş deyil. Bununla belə, artıq bu istiqamətdə layihələrin mövcud olduğunu görmüşəm. Ümid edirəm ki, Türkmənbaşı vasitəsilə Çindən Azərbaycana konteyner yüklərinin daşınmasına başlanılacaq”.
Tranzit daşımalarını artırmaq üçün iki vacib şərt
Elmir Poladov Çindən Azərbaycana konteyner daşımalarının səmərəli təşkili üçün əsas addımları diqqətə çatdırıb:
-
Konteyner terminalı: İlk növbədə Türkmənbaşı limanında müasir konteyner terminalı tikilməlidir.
-
Fider xətti: Türkmənbaşı ilə Ələt limanı arasında fider daşımalarını həyata keçirəcək müntəzəm gəmiçilik xətti yaradılmalıdır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
