Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə birgə bəyannamə imzalayıblar.

Bu barədə İtaliyanın Müəssisələr və “Made in Italy” İstehsal naziri Adolfo Urso sosial şəbəkə hesabında məlumat verib.

Nazirin sözlərinə görə, iki ölkə arasındakı strateji tərəfdaşlıq əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmamasını, eyni zamanda Azərbaycan investisiyalarının İtaliyanın istehsal sektoruna cəlb edilməsini nəzərdə tutur.

Süni intellekt, robototexnika və sənaye tərəfdaşlığı

Adolfo Urso tərəflərin innovativ sahələrdə texnoloji və sənaye əməkdaşlığını inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb:

“İtaliya Sənaye Konfederasiyasının (‘Confindustria’) dəstəyi ilə İtaliyanın Müəssisələr və İstehsal Nazirliyi (MIMIT) və Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi İtaliya-Azərbaycan forumunda bu gün Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalanıb. ‘Confindustria’nın prezidenti Emanuele Orsini və Xarici İşlər naziri Antonio Tayaninin iştirakı ilə imzalanan sənəd məhz bu məqsədə xidmət edir”.

Nazir əlavə edib ki, əməkdaşlıq tədarükün şaxələndirilməsi və istehsal zəncirinin bütün mərhələlərində investisiyaların təşviqi məqsədilə Azərbaycanın resursları ilə İtaliyanın səriştələrinin birləşdirilməsini əhatə edir. Bu prosesdə “Made in Italy” Milli Fondunun da dəstəyi nəzərdə tutulur.

Avropada ilk pilot obyekt: Porto-Margera layihəsi

A. Urso Azərbaycanın İtaliyanın strateji layihələrində mühüm rol oynaya biləcəyini diqqətə çatdırıb:

“Azərbaycan, həmçinin İtaliyanın Porto-Margerada yaratmağı təklif etdiyi kritik əhəmiyyətli xammal üzrə strateji anbar layihəsinin həyata keçirilməsində mühüm tərəfdaş ola bilər. Bu, tədarükdə yaranan fasilələrdən İtaliya və Avropa sənayesini qorumaq, eləcə də strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyan Avropada bu növ ilk pilot obyekt ola bilər”.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın