Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropa ölkələrində təşkil olunan “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərində növbəti fotosərgi baş tutub.
Tədbir zamanı xarici ziyarətçilərə məlumat verilib ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə torpaqlarımızda basdırılmış minalar dinc əhali üçün ciddi təhlükə yaratmaqda davam edir və regionda davamlı sülhün bərqərar olmasına zərbə vurur. Bildirilib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməli, dəqiq mina xəritələrini Azərbaycana təhvil verməlidir.
Avropanın 8 şəhərini əhatə edən silsilə fotoekspozisiya
Xatırladaq ki, beynəlxalq kampaniya çərçivəsində oktyabr ayı ərzində Avropanın bir çox aparıcı şəhərlərində silsilə fotoekspozisiyalar təşkil olunub:
-
5 oktyabr: Cenevrə (İsveçrə)
-
7 oktyabr: Brno (Çexiya)
-
9 oktyabr: Lyublyana (Sloveniya)
-
11 oktyabr: Sarayevo (Bosniya və Herseqovina)
-
13 oktyabr: Zaqreb (Xorvatiya)
-
15 oktyabr: Salzburq (Avstriya)
-
17 oktyabr: Roma (İtaliya)
-
Növbəti mərhələ: Milan (İtaliya)
Brüsseldə itkin düşən azərbaycanlıların ailələri etiraz aksiyası keçirib
Eyni zamanda, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıblar. Oktyabrın 20-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin binası qarşısında, oktyabrın 21-də isə “Schuman” meydanında itkin düşənlərin doğmaları tərəfindən dinc aksiyalar keçirilib.
4 010 itkin düşmüş azərbaycanlının taleyi: Kütləvi məzarlıqlar və mina təhlükəsi
Aksiyalarda vurğulanıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı ümumilikdə 4 010 azərbaycanlı itkin düşüb. Onların arasında:
-
71 uşaq,
-
288 qadın,
-
319 ahıl şəxs var.
İşğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda və itkinlərin qalıqlarının aşkarlandığı kütləvi məzarlıqların ətrafında belə minaların basdırıldığı müəyyən edilib. Regionda sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi xüsusi humanitar əhəmiyyət kəsb edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
