İsrail ordusunun keçmiş Baş Qərargah rəisi Ayzenkot və onun “Yaşar” partiyası Netanyahunun hökumətindən narazılıq fonunda populyarlıq qazanır. Polşanın “Wyborcza” qəzetinin istinad etdiyi rəy sorğularının nəticələrinə görə, Ayzenkotun partiyası baş nazirin “Likud” partiyasını təxminən dörd мандат üstələyir. Lakin seçkilərin nəticəsi hansı kiçik partiyaların parlamentə daxil ola biləcəyindən və koalisiya quracağından asılı olacaq.
“Realist.az” xəbər verir ki, Ayzenkot 1960-cı ildə Tveriyada Mərakeşdən olan mühacir ailəsində anadan olub. Əgər o, hökumətə rəhbərlik edərsə, İsrailin sefard-şərq mənşəli (mizrahi) ilk baş naziri olacaq. Analitiklərin fikrincə, onun tərcümeyi-halı və fəhlə ailəsindən çıxması ona sıravi vətəndaşlara daha yaxın bir siyasətçi kimi görünməyə kömək edir. Orduda o, sıravi əsgərdən 2015-2019-cu illərdə tutduğu Baş Qərargah rəisi vəzifəsinə qədər yol keçib. Bununla belə, Ayzenkot yumşaq hərbi kursun tərəfdarı kimi çıxış etmir. O, düşmənin infrastrukturuna sarsıdıcı zərbələri nəzərdə tutan “Dahiya” konsepsiyası və İranın regionda möhkəmlənməsinə qarşı gizli əməliyyatlar strategiyası da daxil olmaqla, İsrailin sərt hərbi doktrinaları ilə bağlıdır. Lakin general təkid edir ki, hərbi qərarlar anlıq siyasi maraqlarla deyil, strateji vəzifələrlə və ordu etikası ilə müəyyən edilməlidir.
Netanyahu ilə münaqişə HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumundan və Qəzza zolağında müharibə başlayandan sonra kəskinləşib. Ayzenkot baş naziri zolağın müharibədən sonrakı quruluş planının olmamasına görə tənqid edib və girovların azad edilməsini prioritet hesab edib. 2023-cü ilin dekabrında Qəzzada onun orduda xidmət edən 25 yaşlı oğlu Qal həlak olub. Tezliklə generalın bacısı oğlu da həlak olub. Bu şəxsi faciə onun ailəsi müharibədə itkilər verən bir siyasətçi kimi nüfuzunu möhkəmləndirib.
Öz proqramında Ayzenkot ultra-ortodoks yəhudilərin hərbi xidmətə cəlb edilməsini, polis, xüsusi xidmət orqanları və məhkəmə sisteminin işinə siyasi müdaxilənin dayandırılmasını, habelə periferik regionlara və azrtəminatlı icmalara sərmayələrin artırılmasını tələb edir. O, Qəzzada HƏMAS-ın hakimiyyətinə 18 ay ərzində son qoyacağını vəd edir, lakin Fələstin dövlətinin yaradılmasını təklif etmir. Tənqidçilər hesab edirlər ki, onun yanaşması münaqişənin həllinə deyil, davam etməsinə gətirib çıxara bilər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
