Niderlandın milli aviaşirkəti KLM ölkə ərazisini cənginə alan şiddətli “Ostin” fırtınası səbəbindən oktyabrın 23-24-nə nəzərdə tutulan 40-dan çox aviaseferini ləğv etmək məcburiyyətində qalıb.
“Realist.az”ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, təxirə salınmalar əsasən paytaxt Amsterdamın Sxiphol Hava Limanından həyata keçirilən beynəlxalq reyslərə şamil olunub.
İki gün ərzində onlarla reys ləğv olunub
Güclü leysan yağışları və fırtınalı külək səbəbindən aviaşirkət oktyabrın 23-də 20 reysi, oktyabrın 24-də isə daha 22 reysi proqramdan çıxarıb.
KLM-in rəsmi cədvəlinə əsasən, oktyabrın 23-də Amsterdamdan Cenevrə, London və Bergen istiqamətində olan uçuşlar dayandırılıb. Eyni zamanda Varşava, Birminqhem və Lion şəhərlərindən Niderlandın paytaxtına planlaşdırılan əks reyslər də ləğv edilib.
Hava limanında uzunmüddətli gecikmələr var
Bununla yanaşı, Sxiphol Hava Limanının mətbuat xidmətindən ANP agentliyinə bildirilib ki, əlverişsiz hava şəraitinin hava limanının ümumi iş fəaliyyətinə təsiri hələlik məhdud çərçivədədir.
Lakin fırtına səbəbindən müxtəlif aviaşirkətlərə ait onlarla təyyarə reysinin iki saat və daha çox gecikməsi müşahid olunur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
