ABŞ-dəki yunan lobbisindən Rubioya kəskin çağırış: “Türkiyə və Liviyanın dəniz sazişini pisləyin”

ABŞ-də fəaliyyət göstərən Yunan-Amerikan Liderləri Şurası (HALC) Birləşmiş Ştatların Dövlət katibi Marko Rubioya rəsmi məktub ünvanlayaraq Vaşinqtonu Türkiyə ilə Liviya arasında imzalanmış dəniz sərhədlərinin müəyyənləşdirilməsi memorandumuna qarşı açıq mövqe nümayiş etdirməyə çağırıb.

“Realist.az”ın Yunanıstanın “Kathimerini” nəşrinə istinadən verdiyi məlumata görə, təşkilat Ağ Evin bu məsələdə susqunluq nümayiş etdirməsinin Ankara və Trablus tərəfindən “iddiaların sükutla qəbul edilməsi” kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.

“Məsələ ABŞ-nin strateji maraqlarına birbaşa toxunur”

HALC rəhbərliyi bəyan edib ki, Türkiyə-Liviya razılaşması yalnız yunan-türk münasibətləri çərçivəsində qalmir, həm də Birləşmiş Ştatların Şərqi Aralıq dənizindəki energetika, iqtisadiyyat və hərbi-strateji maraqlarına təhdid yaradır.

Məktubda Dövlət Departamentindən aşağıdakı addımların atılması tələb olunur:

  • Türkiyə-Liviya memorandumunun Yunanıstan daxil olmaqla üçüncü ölkələr üçün heç bir hüquqi qüvvəyə malik olmadığının rəsmən bəyan edilməsi;

  • Yunanıstanın adalar da daxil olmaqla beynəlxalq hüquqdan irəli gələn dəniz yurisdiksiyasının və suveren hüquqlarının tanınması;

  • Bir tərəfli dəniz iddialarının Amerika energetika şirkətlərinin regiondakı geoloji kəşfiyyat işlərinə mane ola bilməyəcəyinin Ankara və Trablusa çatdırılması.

“Krit adasındakı ABŞ və NATO bazası risk altındadır”

Yunan lobbisi məsələnin ABŞ-nin milli təhlükəsizliyi ilə bağlı tərəflərinə də diqqət çəkib. Belə ki, Krit adasında ABŞ və NATO-nun Şərqi Aralıq dənizindəki ən mühüm obyektlərindən biri sayılan “Suda” hərbi-dəniz bazası yerləşir.

HALC-ın qiymətləndirməsinə görə, Krit ətrafındakı dəniz yurisdiksiyasını şübhə altına almaq cəhdləri regionda təhlükəsizlik mühitini gərginləşdirir və bazada yerləşən Amerika hərbi aktivləri üçün birbaşa risk yaradır.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın