Milli Məclisin deputatı Pərvanə Vəliyeva Azərbaycan–Niderland münasibətlərinin inkişafı, siyasi dialoqun gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından Niderlandın xarici işlər nazirinin Bakıya səfərinin əhəmiyyətini vurğulayıb.

Realist.az xəbər verir ki, deputat bu barədə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfər yalnız diplomatik əlaqələrin davam etdirilməsi deyil, həm də əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Niderlandın xarici işlər nazirinin Azərbaycana səfəri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini və qarşılıqlı etimadın möhkəmləndirilməsinə verilən önəmi göstərir.

Pərvanə Vəliyeva qeyd edib ki, Niderlandın Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasındakı rolunu alqışlaması ölkəmizin regional mövqeyinin Avropanın təhlükəsizlik və sabitlik gündəliyi kontekstində də nəzərə alındığını göstərir.

Deputatın fikrincə, 2026–2028-ci illər üzrə Azərbaycan–Niderland münasibətlərinin inkişafı Yol Xəritəsinin qəbul edilməsi əməkdaşlığın daha sistemli və konkret istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm çərçivə yaradır. Görüş zamanı siyasi dialoqla yanaşı, ticarət və investisiyalar, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

O bildirib ki, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi perspektivlər mövcuddur. Niderland kənd təsərrüfatı, su idarəçiliyi, logistika və innovasiya sahələrində zəngin təcrübəyə malikdir. Azərbaycan isə nəqliyyat-logistika imkanlarını genişləndirir, Orta Dəhlizin inkişafında mühüm rol oynayır və kənd təsərrüfatının modernləşdirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan, iki ölkənin imkanları bir-birini tamamlayır.

Pərvanə Vəliyevanın sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhliz və Ələt Azad İqtisadi Zonası kimi layihələr Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarını genişləndirərək ölkəmizin beynəlxalq iqtisadi əlaqələrdə əhəmiyyətini artırır.

Deputat vurğulayıb ki, Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi gələcək əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın göstəricisidir.

Şəlalə Camal

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın