Noyabrın 15-də Kıbrıs türklərinin bağımsızlığının 43-cü ili tamam olur.Əslində, türk əsgərinin adaya çıxdığı gün iki hərəkatla – 20 iyul və 14 avqust 1974-cü il tarixlərində gerçəkləşib.
Bu, təkcə “Yaşıl ada” nın 38 faizinin türk mehmetçiyinin nəzarətinə keçməsi deyildi, bu, həm də özünü türk sayan hər kəsin şərəf, namus sınağından “əla” qiymət alması anlamına gəlir. Həmin şərəfli günləri yazdıqları üçün o çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Eceviti, onun müavini Nəcməddin Ərbakanı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşı, Kıbrıs türklərinin ideoloqu doktor Fazil Küçüyü sevgi və minnətdarlıqla anıram.İnancım budur ki, “Yaşıl ada dastanı” adlı araşdırma-yazım oxucularımıza qutsal bir ərməğan olacaq.
YAŞIL ADA DASTANI
Üç qitəni birləşdirən, mükəmməl iqlimi və əsrarəngiz gözəlliyi ilə tanınan Kipr adası…Aralıq dənizinə paralel yerləşən Girnə dağ silsiləsi – yəni Beşbarmaq sıradağları… Yalçın, poladı rəngli qayalardan ibarət Akdəniz sahilləri… Həm coğrafi, həm mədəni, həm tarixi – bütün aspektlərdən Türkiyənin ta özüdür, öz canı, öz ruhudur, ulu bir türk torpağıdır – Quzey Kıbrıs Türk Cümhuriyyəti.Bu Yaşıl adanın hüzura qovuşduğu dönəm Osmanlının burada 307 illik hakimiyyəti illərinə təsadüf edir.Ta ki yadellilərin bu torpaqlara tamahı düşdüyü vaxta qədər – yəni 20-ci əsrin əvvəllərinə kimi bu torpaqların boyuna biçilən səadət, hüzur, rifah olub.
-Bəs sonra?
-Sonra Kıbrıs türklərinin acılı, dərdli çağları başlayır, gördükləri zülmlər, yaşadıqları sarsıntılar bir-birini əvəz edir.
“Barış” – bu beş hərflik söz necə də gözəl, necə də həlim səslənir.O çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Ecevit də yalnız barış naminə türk mehmetçiyinin Kıbrıs adasına çıxması əmrini vermişdi. Təkcə türklər üçün yox, həm də rumlar üçün.
Barış hərəkatından 52 il keçir, amma bir anı da unudulmur.O günləri gözü ilə görənlər var sıramızda, nəinki görənlər od-alovun içindən keçib həmin günlərin bütün qürurunu yaşayanlar var.Yazıçı Erix Mariya Remarkın qəhrəmanlarından birinin sözüdür, deyəsən:
– “Cəbhədə, savaşda güllə səsi eşidəndə, müəllimlərimin Vətən haqqındakı nəsihətləri, pafoslu çıxışları tam olaraq yadımdan çıxdı”
Ancaq hünərləri ilə hərəkata böyük bir qatqıda, dəstəkdə bulundular Kıbrıs fədailəri.
Əvvəla, Kıbrıs Türk kəsiminin ərazisi 3355 kv.km olmaqla hardasa adanın 38 faizinə bərabərdir. Quzey Kıbrıs Türk Cümhuriyyətinin əhalisi təxminən 407 min 123 nəfərdir (2023-cü ilin statistikası). E.ə 4-cü əsrdən bəri kimlərin ayaq izləri bura dəyməyib ki?! Misirlilərin, romalıların, ərəblərin, bizanslıların. Osmanlı İmperiyasının isə 307 il – 1571-ci ildən 1878-ci ilə kimi Kıbrısda mütləq idarəçiliyə sahib olduğunu – desək yanılmarıq.Sonrası isə məlum – Osmanlının zəifləməsi Böyük Britaniya İmperiyasının bu torpaqlarda özünü ağa kimi aparmasını şərtləndirdi.1914-cü ildə Yaşıl adanın tək idarəçiliyinə İngiltərə sahibləndi.Dünya o dünya deyildi, hamının başı özünə qarışmışdı.Birinci Dünya Savaşının ayaq səsləri qapıda idi.İmperiyaların süqutuna gedən yollar qısalmışdı.Bir yanda təbəddülatlı, qarmaşıq illər Osmanlı İmperiyasının sonuna rəvac verərkən, digər tərəfdən də ingilislər rumların havadarı kimi çıxış etməyə başladılar.30-cu illərdə dünyanı çulğayan bağımsızlıq küləkləri Kıbrısda da əsməyə başladı.Bu rüzgarları əsdirən Kıbrıs türklərinin Allahına qurban demək istədim, amma bir anda düşündüm ki, axı Allahın məscidində yox, Hz.İsanın kilsəsinin divarlarındakı yazılanlar yeni olaylara yol açacaqdı.1947-ci ildə Kıbrısda kilsələrin birinin divarına “ENOSİS” sözü həkk ediləcəkdi. “ENOSİS” – yəni, Kıbrısın Yunanıstana birləşdirilməsi ideyasının adı “ENOSİS” idi. Əvvəlcə heç kəs başa düşmədi ki, bu söz nəyi ifadə edir.
Bir az sonra gerçəklər üzə çıxdı.Yunanıstanla birləşmə – “ENOSİS” Kıbrıs rumlarının ən ülvi arzusuna çevrildi. Kilsənin Kıbrısı Yunanıstana ilhaq edilməsi dönəmi başladı, nə başladı.1950-ci ildə Kıbrıs xalqının rəyini öyrənmək amacıyla referendium keçirildi.Rumların 100-də 96 – ısı bu səsvermənin lehinə səs verdi.
Ox yaydan çıxmışdı, amma kimə sarı? Biz, türklərə sarı.
III Makariosun (yaxud III Makariy) Kipr Provaslav Kilsəsinin baş yepiskopu seçilməsi çatılmış ocağın üstünə benzin tökdü. Zatən “ENOSİS” tərəfdarının Kıbrısı idarəçilik altına alması qalanmış ocaqları bir az da körüklədi.
50-ci illərin ortalarında isə adaya Yunanıstandan bir qayıq dolusu silahın göndərilməsi işlərin yazılmış bir ssenari üzrə getməsinin nişanəsi idi.
-Bəs bu hazır ssenarinin rejissoru kim idi?
-Bu suala cavabı mütləq özünüz tapacaqsız, hətta onu da oxuyacaqsız ki, bu ssenarinin rejissoru yox,neçə-neçə rejissorları olub. Şüar isə bəlli idi – “ENOSİS” uğruna!.Təşkilatlanma isə “EOKA” adı altında başladı.Buradakı ingilis qüvvələrini çərlədib, adadan qaçırtmaq, türklərə divan tutmaq və Kıbrısı Yunanıstana ilhaq etmək əsas amal sayılırdı.
Hər gün bir sui-qəsd, hər gün bir qalmaqal, hər gün bir hadisə, hər gün bir faciə…50-ci illərin sonlarında mənzərə bu cür idi Kıbrısda. “EOKA” lideri General Qrivası
(təəssüf ki, türkün qanına susamış bu cəlladı – Qeorqios Qrivası rus və Avropa mənbələrində azadlıq uğrunda mücadilə aparmış inqilabçı kimi verirlər) həbs etmək ingilislərin ən böyük hədəfi oldu. “EOKA” – nın daşını daş üstünə qoymadı ingilis hərbçiləri, ancaq Qrivas ələ keçmədi.Əksinə, Kıbrıs rumları üçün “EOKA” bir pənah yerinə çevrildi.Kıbrıs türkləri isə iki od arasında qalmışdı.Bu həyəcan təbilini ilk çalan mücahid
Doktor Fazil Küçük oldu.”Bayraq” qəzetində Türkiyəyə müxtəlif ismarışlar verdi.Fazil Küçüyün silahdaşı – gənc advokat Rauf Denktaş da onunla ön sırada idi.
Yapışacaq tək budaq isə Kıbrıs türk dərnəklərinin qurucusu Doktor Fazil idi.
1 aprel 1955-ci il…Kıbrısda bir çatışma, bir vuruşma var ki gəl, görəsən.İxtişaşları qızışdıran III Makarios Seyşel adalarına sürgün edildi.1955-ci ildə İngiltərədə bir konfrans keçirildi və ilk dəfə Türkiyə də burada iştirak etdi.Yəni adada haqq sahiblərindən biri olan “Türkiyənin olaylara seyrçi qalmaz” mesajı bütün dünyaya verildi.Rəsmi Afinanın etirazı ilə konfrans başlamadan bitdi. “EOKA” -nın silahlarını türklərə çevirməsi səbir kasasını daşdıran son damla oldu.Doktor Fazilin rəhbərliyi ilə “Kıbrıs Türkdür” partiyası quruldu.Dərnəklər bu partiyanın çətiri altında birləşdi.Kıbrıs Türk Qurumları Federasiyasına isə Rauf Denktaş başçılıq etdi.
Savaş isə daha qapının kandarında gözləmirdi, elə hey içəri girməyə tələsirdi.İlk şəhidlərini verdi Kıbrıs türkləri.Türklərin öz yuvalarından köçməyə başlaması da bu dönəmə təsadüf edir.
HAŞİYƏ: Ümumiyyətlə, Kıbrıslı türklərinin təkcə Kiprin güneyindən quzeyinə deyil, xarici ölkələrə – xüsusən Avstraliyaya köç etməsinin dərin səbəbləri vardı.
Əsas məqsəd bu idi ki, Kıbrıs türkləri ölkədən baş alıb getsinlər, bunun nəticəsində də Kıbrıs türklərinin sayı adada süni şəkildə azaldılsın.Bu yunan siyasətinin gözlə sezilməyəcək incəlikləri idi.Bir müddət bu siyasət özünü doğrultmuşdu da. Xaricə köç edən Kıbrıslıların sayı minlərlə idi və onlara nəinki mane törədilmir, hətta rumlar türklərin adadan köç prosesinə yardımçı olurdu.
QEYD: Bu yazımda dəfələrlə “rum xalqı” adını çəkdiyimdən, bəzi dostlarımıza aydın olsun deyə, “rum” kəlməsini izah edəcəm.Çünki bir çox halda rum ilə yunan xalqı qarışdırılır və elə zənn edilir ki, rumların hamısı yunandır.
-Bəs əslində, rum kimə deyilir?
-Ən qədim zamanlardan Şərqi Roma İmperiyasının təbəələri rum adı ilə çağrılmışdı. Əslində, “rum” kəlməsi kilsələrin və cəmiyyətlərin də adını daşıdığı üçün ortaya qarışıq bir vəziyyət çıxmışdı. Ümumiyyətlə, “Roma İmperiyası sərhədləri içində yaşayan” anlamına gələn rum, romalı kökündən meydana gəlib.Osmanlılar Roma İmperiyasını fəth etdikdən sonra bölgəyə Rumeli adını vermişdilər.Bu söz Anadoluya, Balkan yarımadasına və Avropanın bir çox bölgəsinə aid edilirdi.Günümüzdə Qərbi Anadoluda, Kıbrısda çox sayda rum yaşamaqdadır.Rum – zaman-zaman şərqi romalı, yunanca danışan romalı, yaxud qreko-roman qavramını ifadə edən anlamda da söylənilir.”Bizanslı” kimi də işlənilən rumların kökü müxtəlif xalqlardan ibarətdir.1829-cu ildə Yunanıstanın müstəqillik əldə etməsi rumların da həyatını dəyişdirdi.Güclü assimilyasiya prosesindən sonra yunan dövlətinin bir hissəsi rum kimi tanındı.Biz Kıbrısda olarkən Kıbrıs xarici işlər nazirliyinin əməkdaşı Həvva Hayırsevərə bu sualı verəndə, onun cavabı belə olmuşdu:
Həvva Hayırsevər:
Kıbrıs xarici işlər nazirliyinin əməkdaşı
“Kıbrısdakı rumların kökəni serb, bulqar – bir çox Balkan xalqlarından, çeşidli irqlərdən yaranıb.Amma dilləri yunancaya çox bənzəyir, hərçənd yunanca daha gəlişmiş və daha akademik bir dil olduğu təqdirdə, rum dili daha çox əyalət dili səviyyəsində qalıb”
Buradan da bu nəticəyə gəlmək olar ki, rum kəlməsi vaxtilə Roma, Bizans və Osmanlı İmperiyası ərazilərində yaşamış, fəqət kök etibarilə müxtəlif Balkan və Roma xalqlarından ibarət olan xalqdır.Bəlkə də bir dövlətin təbəəliyini paylaşan vətəndaş desək daha dürüst olar.Yəni, rum xalqını sırf yunanlı kimi görmək yanlış bir yanaşmadır.
Denktaş, “Türkiyəsiz olmaz!” – deyib kürəyini Ana Vətən – Türkiyəyə söykədi.Sonra federasiya qurulma planı işə salındı, Makarios başqan, Rauf Denktaş isə onun yardımçısı olacaqdı.Yunanıstan – Türkiyə anlaşması belə idi.Denktaş isə bildirdi ki, əgər əsgər qüvvələrimiz adada olmasa, Makarios bu federasiyanı dağıdar.Türkiyənin o dönəm xarici işlər naziri olmuş Fatin Rüştü Zorluya bu sözləri deyən məhz Denktaş oldu. R.Zorlu isə buna inanmamış və xeyli əsəbiləşmişdi:
-“Makarios kimdir ki, bizim imzamızı pozsun”
Sürixdəki toplantıda türk əsgərlərinin 650 dən aşağı sayda olmaması əsas hədəf idi. Türkiyənin Kıbrısda əl-qol açması hər kəsi sevindirdi.Kıbrıs Rum bölümümnün rəhbəri Makarios isə cığallığa başladı.Baş yepiskop imza törənində sazişə imza atmadı.Lakin Yunanıstan baş naziri Konstantinos Karamanlisin Makariosa “qulaq burması” verməsi ilə imzalanma baş tutdu.
-Necə olmuşdu?
Baş nazir bildirmişdi:
-“Əgər imza atmasan, Kıbrısdakı faciələrdən sən məsuliyyət daşıyacaqsan və Yunanıstanı bir daha yanında görməyəcəksən.Səni öz taleyinlə baş-başa buraxırıq”
O zaman Makarios Sürixdəki anlaşmayı imzalamağa məcbur oldu.”16 avqust 1960-ci il anlaşması” tarixdə belə qaldı.Adanın yüzdə 80-də rumlar, yüzdə 20-də türklər olmasına rəğmən haqlar bərabər bölüşdürüldü. Türkiyənin bu sazişdə udan tərəf kimi göründü, zira ilk dəfə türk tərəfinin də varlığı qəbul edilmişdi, həm də beynəlxalq bir səviyyədə.82 il sonra türk əsgərinin adaya geri dönüşü müəzzəm idi.
Yaşıl adanın qırmızı, qanlı günləri geridə qaldımı?
Təəssüf ki, yox!
Kıbrıslı türklər xəbər gözləyirdi. Qulaqlar radioda, gözlər yollarda idi.Türkiyənin Lefkoşadakı səfiri Asəf İnan hiss etdi ki, artıq müdaxilə qaçılmazdır.Rum radiosu isə türklərin gələcəyinə inanmırdı.1974-cü ilə kimi türk silahlı qüvvələri iki dəfə qapıdan, daha doğrusu, adadan dönmüşdü.
Rum radiosu isə tez-tez bu mahnını səsləndirir, necə deyərlər, türklərə uşaq kimi acıq verirdilər.
“Gözlədim də gəlmədin,
Sevdiyimi də bilmədin.
Gözyaşımı silmədin,
Heçmi məni sevmədin”
Yunanlar da adadan arxayın idilər.
1974-cü il, cümə günü, 19 iyul, saat 22:00, Ankara…Hərəkat üçün hazırlıqlar son mərhələdə idi. Sabahısı gün, saat 05:00 başlanacaqdı hərəkat.Türk gəmisinin yola düşməsinə 7 saat qalırdı.
Bülənt Ecevitin qərarı qəti idi.Adaya getməliyik, yardımçısı Nəcməddin Ərbakan da ona inanılmaz dəstək vermişdi.
Artıq ABŞ çeşidli qaynaqlardan aldığı informasiyalara görə Türkiyənin Kıbrısa müdaxilə edəcəyinə əmin idi. Sputniklərlə hər şey izlənilmiş, cidanın çuvalda gizlədilməsi mümükünsüz olmuşdu.Rauf Denktaş isə çox narahat idi:
-Yenəmi gəlməyəcəksiz, qardaşlarım? Yenəmi?
Denktaş ən yaxın dostlarını çağırdı, “diqqətli olaq!” dedi.
Ecevit isə əsgəri hərəkatda israrlı idi.Cozef Siskoya bildirdi ki, daha sizi dinləmərik. Türkiyə hava sahəsini bütün təyyarələrə bağladı.31 çıxarma gəmisi və başqa vasitələrlə 2000 türk əsgəri gecənin ənginliyində Kıbrıs sahillərinə vardılar.Hüzn şərqiləri yerini sevinc nəğmələrinə ötürdü.
Bu dəfə radioda şənlik havası çalmaq növbəsi Kıbrıs türklərinin idi:
“Bu qədər ürəkdən çağırma məni,
Bir gecə ansızın gələ bilirim.
Məni bəkliyorsan, uyumamışsın,
Sevincdən qapında ölə bilirim.”
Kıbrısda saat 05:00-dir.Denktaş dostlarına, silahdaşlarına müjdəni verdi.Ancaq nədənsə gecikirdi türk əsgəri.
Elə hey yollara sarı baxır Rauf Denktaş,
“Aman Allah, bu nədir, gələn yox, gedən yox”- deyib təlaş keçirir.Yenəmi döndülər geri? Bir saat keçmiş gələn yox, bu işin zarafatı qalmadı artıq.Amma bu gərgin epizodların təməlində məzəli bir məqam dayanıbmış, sən demə.Kıbrısla Türkiyə arasında 1 saat fərq olduğu heç kimin ağlına gəlməmişdi.
O bir saat bir əsrə bərabər idi.Amma rumların başı öz qazanlarında qovrulurdu.Nə yaxşı ki, bu yanlışı heç bir rum anlamadı.Nəhayət gəldi türklər, türk əsgərini görən hər kəs sevincdən torpağı, asfaltı öpürdü.
İlk mərhələdə havadan, dənizdən və quru yolundan 8000 əsgər çıxacaqdı adaya.
Girnə ilə Lekoşa arasında Beşbaramaq dağları çətin aşıldığından helikopterlər yerə endirildi, dənizdən gələnlərə yol açıldı.Qüvvələrin birləşməsi gec olsa da nəhayət baş tutdu.
Baş nazir Bülənt Ecevit Türkiyənin xarici işlər naziri Turan Günəşlə hər şeyi doğru şəkildə ölçüb-biçmişdi.İki div siyasətçi İkinci Cenevrə konfransının uğursuz olacağını təxmin etdikləri üçün bu işləri götür-qoy eləmiş, bütün incəlikləri nəzərə almışdılar.Hətta Cenevrəyə yollanacaq Turan Günəş Bülənt Ecevitlə baş nazirin kabinetində Turan Günəşin qızı Ayşənin tətil məsələsindən danışmışdı. Rəhmətlik Günəş övladlarını çox istərdi, onların istirahəti ilə şəxsən özü maraqlanırdı. Aralarında seçilən
“Ayşə tətilə çıxsın” parolunu Bülənt Ecevit və Turan Günəşdən başqa kimsə bilmirdi.Ona görə də o əsnada dodaqlara təbəssüm qonduracaq bir olay baş vermiş və “Ayşə tətilə çxısın!” ifadəsi dillərə dastan olmuşdu.Bu vəziyyət məhz Cenevrədə türk heyətinin sözçüsü
Haluk Ülmanın başına gəlir.
Konfrans axşamı rəsmi Ankaradan professor Haluk Ülmana zəng gəlir. Onu arayan turizm naziri Orxan Birgit idi.
ORXAN BİRGİT: Turan bəyə söylə, Ayşə sabah tətilə çıxır.
HALUK ÜLMAN: “Allah, Allah” dedim.
ORXAN BİRGİT: Canım, Turanın qızını deyirəm.
HALUK ÜLMAN: Yaxşı, söyləyərəm.Hara gedəcək?
ORXAN BİRGİT: Bodruma.
“Oldu”- dedi Haluk Ülman, onsuzda təcili deyil, necə olsa sonra deyərəm. Ancaq çox təəccüblənmişdi Ülman, bunca işin içində baş nazir Ecevitin nazir Turan Günəşin qızının tətil məsələsini düşünməsi ona çox qəribə görünmüşdü. Amma o cümlənin anlamı tamam başqa idi.
Avqustun 13-ü türk heyəti Cenevrədə İnterkontinental hotelində səhər qəhvəaltısı edəndə Haluk Ülmanın birdən yadına düşdü ki, Ayşə tətilə çıxacaqmış, Günəşə deməyi unutmuş.Turan Günəş də yanında adamlar olduqları üçün bu vəziyyətdə xeyli pərt olmuşdu.
Hotelin dəhlizində Turan Günəş Haluk Ülmana əsəbiləşdi ki,
-“Sən neylədin, bu bir paroldur”
Haluk Ülman da peşmancasına:
-“Əvvəldən söyləyərdiz, nə bilim vallah bilmirdim”- dedi.
Bu parolun mənası isə ümid kəsildi, “türk əsgəri İkinci hərəkata başlayacaq” anlamına gəlirdi.
Bir də həmin epizodu Turan Günəşin qızı Ayşə Ayatanın öz xatirələrindən oxuyaq:
AYŞƏ AYATA:
O dönəmdə Türkiyə xarici işlər naziri olmuş Turan Günəşin qızı
-“Atam, o vaxtlar Turizm naziri Orxan Birgitə “Tətilə gedən tanış biri varsa, Ayşəyi də onlarla birlikdə göndər, mənim işlərim çox uzun olacaq”- deyir.Birinci hərəkatdan sonra Kıbrısta türklərin olduğu yer son dərəcə kiçik, Girnə və ətrafında balaca bir sahə idi.Orada türk əhalisinin qalması çox təhlükəli görünürdü.Yəni hərəkata ehtiyac ola bilər mənasında gəl, bir parol müəyyən edək deyilir.Atam Turan Günəş və Bülənt Ecevit “başqa ölkələr bizi dinləyirlər, düşüncəsi ilə İkinci hərəkatın başlaması üçün bir parol seçirlər.”Ayşə tətilə çxısın” parolunu atam Ecevitə işarət olaraq verir.Atamın ağlına bir az öncə mənim tətilimi danışdığı üçün “Ayşə tətilə çxısın” cümləsi gəlir və sən də o zaman anla ki, bu müzakirələrədən bir sonuc çıxmayacaq və bir şəkildə hərəkat hazırlığı başlasın”
Ancaq “Ayşə tətilə çxısın” parolunun hekayəsini dərindən araşdırdıqda görürük ki, bu parolu baş nazir Bülənt Ecevit tapmışdı.Bu fakta qəzetəçi-yazar, siyasətçi Akın Simavın
“Turan Günəşin Siyasal Kavqaları” adlı kitabında da rast gəlmişəm.
Turan Günəş
O dönəmdə Türkiyənin xarici işlər naziri
“İkinci Cenevrə konfransına getmədən öncə baş nazir Ecevitlə ikimiz danışır, son hazırlıqları son dəfə gözdən keçirirdik.Bu arada konfransın yarıda kəsilməsi ehtimalı üzərinə danışdıq.O zaman aramızda bir parol seçməyə qərar verdik.Həmin anda Orxan Birgit məni aradı.Özünə, Cenevrə görüşlərinin uzun sürəcəyini bildirdim, məni gözləmədən çocuqlarımın tətilə çıxmasını istədim.Birgitə uşaqlarıma yardımçı olmasını və Mərməris tətil köyündə bir yer ayırmasını rica etdim.Telefonu qapatdıqdan sonra baş nazir mənə çevrildi və dedi ki:
“Mən parolu tapdım”
-Nədir?
– “Ayşə tətilə çxısın”.Əgər iş qırılma nöqtəsinə gəlsə, burada işlər uzanacaq, Ayşə tətilə çıxısn de, mən anlayacam.
Beləcə parolu qərarlaşdırmışdıq”
Akın Simav,
“Turan Günəşin Siyasal Kavqaları” əsərindən,
“İstiqlal mətbəəsi – 1975”.
Buradan da öyrəndiyimiz kimi məşhur parolun müəllifi Bülənt Ecevitdir. Bütün hallarda, Turan Günəşin qızı həyatında çox tətillərə çıxacaqdı, amma həmin ilin tətili heç zaman təkrarlanmayacaqdı.1974-cü il avqust tətilinin zövqü, ləzzəti təkcə Ayşəyə deyil, bütün türklərə əbədi bir zövq,əbədi bir məmnunluq,əbədi bir rahatlıq gətirəcək və Ayşənin tətili hərəkat simvoluna çevriləcəkdi.
Barışdan bağımsızlığa gedən yollar qətiyyən asan olmadı.43 ildir ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti öz müstəqil həyatını yaşayır.
Bu uzun araşdırma-yazım Yaşıl adanın oxunaqlı bir dastanı olsun.Acılı, ağrılı, sevincli, fərəhli – qəhrəmanlıq dastanı.
Bu səbəbdən dastan yaraşır yazıma, çünki dastanda hər şey var: nəzm də, nəsr də, ağrı-acıda, fərəh-sevinc də, qəhrəmanlıq da, hüzn də, ölüm-itim də, rəşadət də.
Mən Yaşıl adanın yolunda həp yaşıl işıqların yanacağı inancındayam.Bizim ortaq türk tariximiz olduğundan bu inanca gecə-gündüz hizmətdəyəm, ona ərköyün bir çocuq kimi baxıram, onu bəsləyirəm – yedirirəm, içirirəm, böyüdürəm. Quzey Kıbrıs Türk Cümhuriyyəti də böyüyür, gözəlləşir.Arzum budur ki, Yaşıl adanın yaşıl işıqları heç zaman sönməsin!
Turan Uğur
AYB-nin və AJB-nin üzvü
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

