Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin qorunması, milli suverenliyimizin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Realist.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov Realist.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın siyasi və hüquqi sisteminin formalaşmasında yeni tarixi mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, ötən 31 il ərzində Konstitusiya dövlət idarəçiliyinin institusional əsaslarının möhkəmləndirilməsində, ictimai-siyasi sabitliyin qorunmasında və milli inkişafın davamlılığının təmin edilməsində mühüm rol oynayıb.
Rövşən Muradov Azərbaycanın konstitusiya quruculuğu tarixində Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, hələ 1978-ci ildə Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit olunması milli kimliyimizin qorunması və hüquqi müstəvidə möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə olub.
Deputatın sözlərinə görə, dövlət müstəqilliyinin bərpasından sonra yaranmış mürəkkəb siyasi şəraitdə yeni konstitusion quruluşun yaradılması ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyıb. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində böhranın aradan qaldırılması, siyasi sabitliyin təmin edilməsi və milli dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən Konstitusiya müstəqil dövlətçiliyimizin hüquqi dayaqlarını müəyyənləşdirib.
Rövşən Muradov diqqətə çatdırıb ki, Konstitusiyanın əsas əhəmiyyəti yalnız dövlət hakimiyyətinin təşkili ilə məhdudlaşmır, eyni zamanda hakimiyyətin fəaliyyətinin hüquqi çərçivəsini və vətəndaşlar qarşısında məsuliyyətini müəyyən edir. Hakimiyyət bölgüsü, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi, mülkiyyət toxunulmazlığı və siyasi plüralizm kimi prinsiplər Azərbaycanda müasir hüquqi dövlət modelinin formalaşması üçün mühüm əsaslar yaradıb.
O, 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasını konstitusion nəzarət mexanizmlərinin inkişafında əhəmiyyətli mərhələ kimi qiymətləndirib. Sonrakı dövrlərdə referendumlar vasitəsilə Konstitusiyaya edilmiş dəyişikliklərin dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi institutların imkanlarının genişləndirilməsinə və vətəndaş hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsinə xidmət etdiyini bildirib.
Deputat Azərbaycanın müasir konstitusiya tarixində ən mühüm nailiyyətlərdən birinin dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olduğunu vurğulayıb. Qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının konstitusion hakimiyyəti ölkəmizin bütün ərazisində təmin edilib.
Onun fikrincə, bu tarixi hadisələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suveren hüquqlarını tam həyata keçirməsi üçün mövcud maneələri aradan qaldırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə dövlət müstəqilliyimizin bu iki fundamental dəyərinin ayrılmazlığını bir daha nümayiş etdirib.
Rövşən Muradov bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının icrası, müasir infrastrukturun yaradılması və yeni iqtisadi imkanların formalaşdırılması konstitusion hüquqların təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Doğma torpaqlarına qayıdan vətəndaşların təhlükəsiz yaşamaq, əmək, təhsil, mülkiyyət və sosial təminat hüquqlarının həyata keçirilməsi suverenliyin bərpasının sosial və humanitar məzmununu daha da gücləndirir.
Deputatın qənaətinə görə, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət institutlarının məsuliyyətinin artırılması və hüquqi təminat mexanizmlərinin gücləndirilməsi davamlı inkişafın əsas şərtlərindəndir.
Sonda Rövşən Muradov vurğulayıb ki, Azərbaycanın konstitusion inkişaf təcrübəsi güclü dövlətçiliyin milli maraqların müdafiəsi, hüquqi institutların dayanıqlılığı və xalqın öz gələcəyini müstəqil müəyyənləşdirmək iradəsi üzərində qurulduğunu təsdiqləyir. Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış konstitusion təməl Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti nəticəsində yeni tarixi mərhələdə daha da möhkəmlənib. Konstitusiyanın ali dəyəri isə xalqın dövlətçilik iradəsini hüquqi qüvvəyə çevirməsində və müstəqil Azərbaycanın gələcəyini milli maraqlar, qanunun aliliyi və vətəndaş hüquqlarının müdafiəsi prinsipləri əsasında təmin etməsindədir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

