
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Realist.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində baş tutan tədbirdə uşaqların hüquqlarının qorunması, sağlam həyat tərzi və düzgün qidalanma məsələləri diqqət mərkəzində olub.
Tədbirdə Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı çıxış edərək uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. O, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsil alması və hərtərəfli inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti, həkim-diyetoloq Tutu Zeynalova isə uşaqların qidalanmasında düzgün vərdişlərin formalaşdırılmasının vacibliyindən danışıb. O, uşaqlarla interaktiv söhbət apararaq sağlam qidalanmanın əsas prinsipləri və gündəlik həyatda diqqət yetirilməli məqamlar barədə məlumat verib.
Tədbir zamanı uşaq yazarı Mehriban Nağıyevanın “Əsmərin sehrli zənbili” nağılı əsasında hazırlanmış animasiya filmi nümayiş etdirilib. Həmçinin iştirakçılar uşaqların sağlam qidalanma mövzusunda hazırladıqları rəsmlərlə tanış olublar.
Sonda tədbirə qatılan uşaqlara sertifikatlar və hədiyyələr təqdim edilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


