Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı külli miqdarda narkotik vasitə və narkotik tərkibli həblər aşkarlanıb.
Realist.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxtda, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında əməliyyat tədbirləri həyata keçirilib.
Tədbirlər nəticəsində Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov və İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar. Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb götürülüb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin xaricdə yaşayan narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərin tapşırıqları əsasında hərəkət etdikləri müəyyənləşdirilib. Onların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin satışını və qanunsuz dövriyyəsini təşkil etdikləri bildirilir.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


