EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Uşaqların cinsi istismara və zorakılığa məruz qalması onların psixoloji inkişafına ciddi zərbə vurur. Belə halların nəticələri yalnız travmatik hadisə ilə məhdudlaşmır, uşağın şəxsiyyətinin formalaşmasına, özünə münasibətinə və ətrafdakılarla ünsiyyətinə də təsir göstərir. Bəs valideynlər uşağın cinsi zorakılığa məruz qaldığını hansı əlamətlərdən müəyyən edə bilərlər? Uşaqlar niyə belə halları gizlədir və valideynlər bu barədə məlumat aldıqda necə davranmalıdırlar?

Klinik psixoloq, Sistemli Ailə Terapiyası üzrə mütəxəssis-təlimçi Samirə Rəhimova realist.az-a müsahibəsində bu və digər sualları cavablandırıb.

– Samirə xanım, uşaqların cinsi istismara və zorakılığa məruz qalması onların psixoloji inkişafına hansı ağır təsirləri göstərə bilər?

– Uşaqların cinsi istismarı təkcə travmatik hadisə deyil, həm də şəxsiyyətin inkişafını pozan xroniki stressordur. Klassik posttravmatik stress pozuntusu ilə yanaşı, uşaqlarda tez-tez kompleks posttravmatik stress pozuntusu da inkişaf edə bilər. Bu zaman bağlanma münasibətləri və özünüidentifikasiya prosesi pozulur. Klinik olaraq bu vəziyyət yaşa uyğun olmayan cinsi davranışlar və köməksizlik hissi ilə özünü göstərə bilər. Neyrobioloji səviyyədə isə travma endokrin və sinir sistemində davamlı dəyişikliklər yaradır. Nəticədə yuxu pozuntuları və müxtəlif somatik şikayətlər meydana çıxa bilər.

– Valideynlər uşağın cinsi zorakılığa məruz qaldığını hansı davranış və psixoloji dəyişikliklərdən müəyyən edə bilərlər?

– İlk növbədə, valideynlər uşağın davranışında baş verən kəskin dəyişikliklərə diqqət yetirməlidirlər. Özünəqapanma, gecələr yata bilməmək, kabuslar, diksinmə və artan narahatlıq diqqətdən kənarda qalmamalıdır. Aqressiv davranış və ya həddindən artıq itaətkarlıq da müşahidə edilə bilər. Spesifik əlamətlərə yaşa uyğun olmayan cinsiləşmiş davranışlar və böyüklərə məxsus cinsi leksikadan istifadə daxildir. Həmçinin uşağın konkret bir şəxsdən qorxması və ya müəyyən bir yerdə qalmaq istəməməsi də mühüm siqnaldır.

– Uşaqlar niyə bəzən məruz qaldıqları zorakılıq barədə valideynlərinə danışmaqdan çəkinirlər? Onları susmağa vadar edən əsas səbəblər hansılardır?

– Bunun əsas səbəbləri utanc hissi və cəzalandırılmaq qorxusudur. Uşaqlar çox vaxt baş verənləri zorakılıq kimi dərk etmirlər. Xüsusilə zorakılığı törədən şəxs uşağın tanıdığı biri olduqda, vəziyyəti izah etmək daha da çətinləşir. Onlar cəzalandırılacaqlarından və ya ailənin dağılacağından qorxa bilərlər. Aqressorla münasibət nə qədər yaxındırsa, baş verənləri etiraf etmək də bir o qədər çətin olur.

– Uşağa şəxsi sərhədlərini, bədən toxunulmazlığını və “yox” demək hüququnu hansı yaşdan və necə öyrətmək lazımdır?

– Bu biliklər uşağın özünü dərk etməyə başladığı dövrdən aşılanmalıdır. Hətta 2-3 yaşından etibarən uşağa şəxsi sərhədlərini öyrətmək mümkündür. Valideyn uşağa başa salmalıdır ki, onun bədəni yalnız özünə aiddir. Məsələn, uşaq kimisə qucaqlamaqdan imtina edirsə, onun bu qərarına hörmətlə yanaşılmalıdır.

– Cinsi istismar hallarının qarşısının alınmasında valideynlərin, məktəbin və cəmiyyətin üzərinə hansı məsuliyyət düşür?

– Bu məsələdə ailənin, məktəbin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Ailədə açıq ünsiyyət qurulmalı, uşağa şəxsi sərhədlər öyrədilməli və onda etibar hissi formalaşdırılmalıdır. Uşaq bilməlidir ki, hər hansı hadisə barədə danışarsa, ona inanacaqlar.

Məktəblərdə elmi əsaslara söykənən profilaktik maarifləndirmə işləri aparılmalıdır. Hətta düşünürəm ki, psixologiya fənni məktəblilərə mütləq tədris olunmalıdır. Cəmiyyətdə aqressiya və təzyiq kimi davranış modellərinin geniş yayılması uşaqların təfəkkürünə mənfi təsir göstərir. Belə hallar adiləşdikcə, uşaq da onları normal həyat tərzi kimi qəbul edə və başına gələnlər barədə danışmaqdan çəkinə bilər.

– Uşaq belə bir hadisə barədə valideyninə danışarsa, ilk reaksiyası necə olmalıdır? Hansı sözlər və davranışlar uşağın psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər?

– İlk növbədə, valideyn soyuqqanlılığını qorumalı, uşağa inanmalı və ona dəstək olmalıdır. Uşağa “Mən sənə inanıram”, “Sən günahkar deyilsən”, “Səni qorumaq üçün hər şeyi edəcəyəm” kimi sözlər deyilməlidir.

Uşağı qətiyyən günahlandırmaq və utandırmaq olmaz. Onu aqressiv şəkildə sorğu-suala çəkmək, “Niyə əvvəl demədin?”, “Sən nə etdin ki, belə oldu?” kimi suallar vermək yolverilməzdir. Valideynin emosional uzaqlaşması və ya uşağın dediklərinə inanmaması da ciddi zərər verə bilər. Belə münasibət uşağın travmasını daha da dərinləşdirir.

– Zorakılığa məruz qalmış uşağın psixoloji reabilitasiyası necə aparılmalıdır? Travmanın aradan qaldırılması nə qədər vaxt tələb edə bilər?

– Reabilitasiya prosesinin müddəti travmanın xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq müəyyən edilir. Əsas məsələ psixoloji dəstəyin müntəzəm şəkildə həyata keçirilməsidir.

– Uşaqların sosial şəbəkələrdən və internetdən istifadəsi cinsi istismar risklərini necə artırır? Valideynlər rəqəmsal təhlükəsizliyi necə təmin etməlidirlər?

– Uşaqları onlayn mühitdən tamamilə təcrid etmək mümkün deyil. Müasir dövrün uşaqları fərqli düşüncə tərzinə malikdirlər. Lakin valideyn nəzarəti və uşaqların düşüncələrinin düzgün istiqamətləndirilməsi vacibdir.

Tövsiyə edirəm ki, elektron cihazlarda valideyn nəzarəti parametrlərindən istifadə olunsun. Telefon və planşetlər gecə yataq otağında saxlanılmasın. Uşaqla etimad münasibətini qorumaq şərtilə onun dost siyahılarına və çatlarına vaxtaşırı nəzər yetirilməlidir. Eyni zamanda, uşağa açıq şəkildə izah edilməlidir ki, qarşı tərəfin özünü hansı adla təqdim etməsindən asılı olmayaraq, tanımadığı şəxslərə şəxsi fotolarını göndərmək olmaz. Bu, uşağın bilməli olduğu əsas rəqəmsal təhlükəsizlik qaydalarından biridir.

– Cinsi zorakılığın qurbanı olan uşağın yenidən normal həyata qayıtması üçün ailə hansı psixoloji dəstəyi göstərməlidir?

– Ailədəki mühit əsas amillərdən biridir. Valideynlər arasında davamlı münaqişələr baş verirsə, uşaq özünü heç vaxt tam təhlükəsizlikdə hiss etməyəcək. Valideynlər ilk növbədə öz psixoloji sağlamlıqlarına da diqqət yetirməlidirlər. Daim stress altında olan valideyn zamanla emosional baxımdan tükənir. Buna görə də valideynlər üçün terapiya və dəstək qruplarının əhəmiyyəti böyükdür.

– Cəmiyyətimizdə bu mövzuda susqunluq və utanc hissi problemin üzə çıxmasına necə mane olur? Bu stereotipləri necə aradan qaldırmaq olar?

– Bilmək lazımdır ki, utanc hissindən qaynaqlanan susqunluq mədəniyyəti birbaşa cinayətkarları qoruyur və qurbanların yenidən psixoloji travma yaşamasına səbəb olur. Zorakılığa məruz qalmış insan özünü qurban kimi deyil, baş verənlərin səbəbkarı kimi hiss edə bilər.

Vəziyyəti dəyişmək üçün kompleks tədbirlər görülməlidir. Cinsi tərbiyə və özünümüdafiə qaydaları birinci sinifdən etibarən öyrədilməlidir. Yetkin insanlar uşaqlarda hər hansı narahatlıq əlaməti müşahidə etdikdə buna biganə qalmamalıdırlar. Belə vəziyyətlə üzləşən valideynlər isə mümkün qədər tez uşaq travmaları üzrə ixtisaslaşmış, müvafiq kvalifikasiyaya malik klinik psixoloqa və ya psixoterapevtə müraciət etməlidirlər.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın