EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri Azərbaycan ilə Vyetnam arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi, tarixi dostluq əlaqələrinin iqtisadi və strateji tərəfdaşlıq müstəvisində inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı, komitə sədri Zahid Oruc bu barədə Realist.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın Asiya siyasətinin coğrafiyasını və iqtisadi imkanlarını genişləndirən mühüm hadisədir. Onun sözlərinə görə, on iki il əvvəl Hanoya səfər edən dövlət başçısı bu dəfə dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri ilə strateji tərəfdaşlıq münasibətləri qurmuş ölkənin rəhbəri kimi Vyetnama gedir.

Z.Oruc vurğulayıb ki, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə münasibətlərində yeni mərhələnin siyasi əsaslarını yaradıb. Hazırda Azərbaycanla Vyetnam arasında tarixi dostluq münasibətlərinin böyük iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, sənaye və texnoloji əməkdaşlığa çevrilməsi üçün əlverişli şərait mövcuddur.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın Vyetnamla münasibətlərinin tarixi dövlət müstəqilliyimizin bərpasından əvvəlki onilliklərə gedib çıxır. Onun sözlərinə görə, azərbaycanlı mühəndislərin, neftçilərin, alimlərin və müəllimlərin Vyetnamın milli iqtisadiyyatının qurulmasında mühüm xidmətləri olub.

1959-cu ildə Vyetnamın dövlət rəhbəri Ho Şi Minin Bakıya səfəri, Azərbaycanın neft sənayesi müəssisələri ilə tanışlığı və ölkəsinin neft sənayesinin yaradılmasında respublikamızın təcrübəsindən istifadə etmək istəyi sonrakı onilliklərdə geniş iqtisadi və elmi-texniki əməkdaşlığın əsasını qoyub. 1960-cı ildən başlayaraq yüzlərlə vyetnamlı gənc ali məktəblərimizdə təhsil alıb, azərbaycanlı mütəxəssislər isə Vyetnamın iqtisadi quruculuğunda, xüsusilə milli neft sənayesinin yaradılmasında iştirak ediblər.

Z.Oruc bildirib ki, Vyetnamın müasir neft sənayesinin formalaşmasında Azərbaycanın müstəsna iştirakı olub. Ölkənin ən mühüm neft yataqlarından olan «Ağ pələng» yatağının mənimsənilməsində azərbaycanlı mütəxəssislər böyük xidmətlər göstəriblər. Vyetnam iqtisadiyyatının inkişafında mühüm rol oynayan «Vietsovpetro» birgə müəssisəsinin ilk baş direktoru azərbaycanlı neftçi Cəlal Məmmədov olub.

Deputatın sözlərinə görə, 2024-cü ildə 250 milyon ton neft hasilatı göstəricisinə çatan müəssisənin nailiyyətlərində Azərbaycanın mühəndislik məktəbinin, neft elminin və istehsal təcrübəsinin mühüm payı var. Vyetnamın neft sənayesinin mərkəzi olan Vunqtau şəhərində Bakı küçəsinin mövcudluğu, Bakı ilə Vunqtau arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulması xalqımızın həmin ölkənin iqtisadi tarixində qoyduğu izin ifadəsidir.

Milli Məclisin deputatı Azərbaycan–Vyetnam münasibətlərinin tarixində Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi bu ölkəyə səfərinin xüsusi yer tutduğunu qeyd edib. Bildirib ki, səkkiz gün davam edən səfər çərçivəsində Heydər Əliyev Vyetnamın Baş naziri Fam Van Donqla görüşüb, ölkənin müxtəlif bölgələrində sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub, metallurgiya, toxuculuq, gəmiqayırma və neft sənayesinin inkişafı məsələlərini müzakirə edib.

Z.Oruc vurğulayıb ki, Vunqtau şəhərində sovet və Vyetnam neftçiləri ilə görüşən Heydər Əliyev birgə iqtisadi layihələrin genişləndirilməsinə xüsusi diqqət yetirib. Sovet İttifaqının rəhbərliyində təmsil olunan böyük Azərbaycan siyasi xadiminin Vyetnamın müharibədən sonrakı iqtisadi dirçəlişinə göstərdiyi diqqət bu gün də dost ölkədə yüksək qiymətləndirilir. 2023-cü ildə Hanoyda Heydər Əliyevin tarixi səfərinin 40 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi, arxiv sənədlərinin və nadir fotoşəkillərin ictimaiyyətə təqdim edilməsi həmin münasibətlərin Vyetnamın dövlətçilik yaddaşında qorunduğunu göstərir.

Deputat bildirib ki, Azərbaycan Vyetnama yalnız neft sənayesinin qurulmasında kömək etməyib, həm də onun milli kadr potensialının formalaşmasında iştirak edib. Sovet dövründə Azərbaycanda 5 minə yaxın Vyetnam vətəndaşı ali təhsil alıb, onların təxminən 2 mini neft sənayesi üzrə ixtisaslaşıb. Bakıda hüquq, iqtisadiyyat, mühəndislik, hərbi iş və digər sahələrdə təhsil alan vyetnamlı gənclərin bir qismi sonradan öz ölkələrinin siyasi, iqtisadi və hərbi elitasında mühüm mövqelər tutublar.

O qeyd edib ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı olmuş Fam Hoay Nam Azərbaycanda təhsil alan şəxslərdən biridir. Vyetnamın dövlət idarəetmə sistemində, parlamentində, elm və sənaye müəssisələrində fəaliyyət göstərmiş azərbaycanlı müəllimlərin yetirmələri bu gün də iki xalq arasında münasibətlərin inkişafına töhfə verirlər.

Z.Orucun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Bakı ilə Hanoy arasında diplomatik münasibətlərin qurulması tarixi əlaqələrin yeni siyasi əsaslar üzərində davam etdirilməsinə imkan yaradıb. Prezident İlham Əliyevin 2014-cü ilin mayında Vyetnama dövlət səfəri, Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə ayrıca görüşü, 2015-ci ildə Bakıda və 2017-ci ildə Vunqtauda dostluq forumlarının keçirilməsi iki ölkə arasında əlaqələrin inkişafına mühüm təkan verib.

Deputat bildirib ki, ötən il Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi yetmiş ilə yaxın tarixi olan dostluğun müasir beynəlxalq münasibətlər sistemində yeni siyasi məzmun qazanması deməkdir. Prezident İlham Əliyevin indiki səfəri həmin siyasətin ardıcıl davamıdır.

Z.Oruc Vyetnamın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Vyetnam BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Azərbaycanın hərbi əməliyyatları dayandırması üçün müxtəlif beynəlxalq siyasi mərkəzlərdən təzyiqlərin göstərildiyi bir şəraitdə Hanoy ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnam İnformasiya Agentliyinə verdiyi müsahibədə bu prinsipial mövqeyə görə minnətdarlığını xüsusi vurğulaması beynəlxalq hüququn prinsiplərindən çıxış edən dövlətlərə ehtiramının göstəricisidir. Vyetnam Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, Cənubi Qafqazda davamlı sülhün qurulmasının da tərəfdarıdır.

Z.Oruc Azərbaycan və Vyetnam xalqlarının müasir tarixində mühüm oxşarlıqların olduğunu diqqətə çatdırıb. Bildirib ki, hər iki xalq müharibələrin ağır humanitar və iqtisadi nəticələrini yaşayıb, milli suverenliyini və ərazi bütövlüyünü təmin etmək uğrunda böyük mübarizə aparıb.

Onun sözlərinə görə, Vyetnamın tarixi nailiyyəti yalnız müharibədə qazandığı qələbə ilə məhdudlaşmır. Hanoy hərbi qələbədən sonra ölkənin iqtisadi qüdrətini artırmaq, milli istehsalı inkişaf etdirmək və əhalinin rifahını yüksəltmək istiqamətində onilliklər ərzində ardıcıl siyasət həyata keçirib. Vyetnamın müharibədən sonrakı sənayeləşmə, kənd təsərrüfatının inkişafı, xarici investisiyaların cəlb edilməsi və yeni iqtisadi mərkəzlərin yaradılması təcrübəsi Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi ilə məşğul olan Azərbaycan üçün də öyrənilməyə layiqdir.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Hanoya bir vaxtlar Azərbaycanın iqtisadi və texniki yardımına ehtiyac duyan Vyetnama deyil, dünyanın böyük sənaye və ixrac mərkəzlərindən birinə çevrilmiş ölkəyə səfər edir. 2025-ci ildə Vyetnam iqtisadiyyatının 8,02 faiz böyüdüyünü, xarici mal ticarətinin ümumi həcminin 930 milyard dollara çatdığını bildirən Z.Oruc ölkənin ixracının 89 faizə yaxınını emal sənayesi məhsullarının təşkil etdiyini qeyd edib.

O əlavə edib ki, «Samsung», «Intel», «LG», «Canon», «Foxconn» və digər beynəlxalq korporasiyaların istehsal müəssisələrinin Vyetnamda fəaliyyət göstərməsi ölkənin dünya iqtisadiyyatındakı mövqeyini köklü şəkildə dəyişdirib. Bir neçə onillik əvvəl müharibənin dağıtdığı iqtisadiyyatı bərpa etməklə məşğul olan Vyetnam hazırda elektronika, telekommunikasiya, tekstil və digər sənaye məhsullarının istehsalında mühüm yer tutur.

Z.Oruc Vyetnamın iqtisadi siyasətinin Azərbaycan üçün ən mühüm cəhətlərindən birinin xarici sərmayələrin milli istehsalın və ixracın genişləndirilməsinə yönəldilməsi olduğunu bildirib.

Deputatın fikrincə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi münasibətlərin mövcud iqtisadi potensialına uyğun deyil. Xarici ticarətinin həcmi bir trilyon dollara yaxınlaşan Vyetnamla daha böyük iqtisadi əməkdaşlıq imkanlarımız mövcuddur.

O, SOCAR və «PetroVietnam» arasında 2025-ci ildə imzalanan Anlaşma Memorandumunun iki ölkənin neft-qaz sənayesində əməkdaşlığının yeni mərhələsinin əsasını qoyduğunu diqqətə çatdırıb.

Z.Oruc Prezident İlham Əliyevin Hanoya səfərinin mühüm istiqamətlərindən birinin Azərbaycanın beynəlxalq nəqliyyat imkanlarının genişləndirilməsi olduğunu da qeyd edib. Bildirib ki, 2026-cı ilin doqquz ayında iki ölkə arasında tranzit yükdaşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb.

Deputat hesab edir ki, Azərbaycan Vyetnamın Avrasiyaya, Vyetnam isə Azərbaycanın Cənub-Şərqi Asiyaya çıxış imkanlarını genişləndirə bilər. Vyetnamın üzv olduğu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası – ASEAN yüz milyonlarla istehlakçını və dünyanın mühüm istehsal mərkəzlərini birləşdirir.

Z.Oruc Prezident İlham Əliyevin səfərinin Vyetnamın siyasi və iqtisadi dairələrində də geniş maraq doğurduğunu vurğulayıb. O bildirib ki, Vyetnam Kommunist Partiyasının mərkəzi mətbu orqanı olan «Nhan Dan» qəzetinin noyabrın 19-da dərc etdiyi məqalədə səfər strateji tərəfdaşlığın inkişafında mühüm mərhələ kimi qiymətləndirilib. Nəşr Azərbaycanın Asiya-Sakit okean regionunda əlaqələrini genişləndirmək siyasətində Vyetnamın oynaya biləcəyi rola xüsusi diqqət yetirib.

Deputatın sözlərinə görə, Vyetnamın Rusiya və Azərbaycan üzrə səfiri Danq Min Xoy Vyetnam İnformasiya Agentliyinə müsahibəsində səfərin qarşılıqlı investisiyalar, energetika, ticarət, elm, texnologiya və təhsil sahələrində yeni imkanlar yaradacağını bildirib.

Z.Oruc qeyd edib ki, Prezident İlham Əliyevin Vyetnama səfərini Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı Asiya siyasətindən ayrı qiymətləndirmək olmaz. Çinlə strateji münasibətlərin möhkəmləndirilməsi, Mərkəzi Asiya dövlətləri ilə iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, Cənub-Şərqi Asiyanın aparıcı ölkələri ilə tərəfdaşlıq əlaqələrinin qurulması Azərbaycanın dünya iqtisadiyyatındakı iştirak imkanlarını genişləndirir.

O bildirib ki, Azərbaycan ənənəvi siyasi və iqtisadi tərəfdaşları ilə münasibətlərini qorumaqla yanaşı, qlobal iqtisadi inkişafın ağırlıq mərkəzinin getdikcə Asiyaya doğru dəyişməsini öz xarici siyasətində nəzərə alır. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə müstəqil münasibətlər qurmaq imkanları, beynəlxalq qarşıdurmaların tərəfinə çevrilmədən milli maraqlarını təmin etməsi dövlətimizin iqtisadi diplomatiyasının qarşısında yeni perspektivlər açır.

Deputatın fikrincə, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra dövlətimizin beynəlxalq nüfuzunun artması, Cənubi Qafqazda sülhün və yeni iqtisadi əlaqələrin qurulması üçün yaranan şərait Azərbaycanın xarici siyasətinin iqtisadi nəticələrini genişləndirməyi tələb edir.

Zahid Oruc fikirlərini belə yekunlaşdırıb: “Ulu öndərin imperiya rəhbərlərindən biri olduğu dövrdə açdığı izlərlə indi qalib dövlətin lideri olan Prezident İlham Əliyev gedir!”

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın