EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edib.

Müsabiqələr çərçivəsində QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il noyabrın 20-də başlanılıb. Müraciət üçün son tarix dekabrın 20-si müəyyən edilib.

Realist.az Agentliyə istinadən xəbər verir ki, sənəd qəbulu başa çatdıqdan sonra təqdim olunan layihə təklifləri ekspertizadan keçiriləcək, təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqələrin nəticələrinin 2027-ci ilin birinci rübündə elan olunması nəzərdə tutulur.

Layihələrin qiymətləndirilməsi zamanı innovativlik, mövcud problemlərə yeni və ya daha təkmil həllərin təklif edilməsi, müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və sosial media ilə əməkdaşlıq, eləcə də strateji dövlət sənədlərinin hədəflərinə töhfə verən ölçüləbilən nəticələr xüsusi diqqətdə saxlanılacaq.

Müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarına uyğun təşkil edilir.

Qrant məbləğləri və layihələrin icra müddəti

Kiçik qrant müsabiqələri üzrə ayrılacaq vəsaitin yuxarı həddi 30 min manat, layihələrin icra müddəti isə 6 ayadək müəyyən edilib. Böyük qrant müsabiqəsi üzrə maliyyələşmənin yuxarı həddi 70 min manat, icra müddəti isə 9 ayadək olacaq.

Müsabiqələrin istiqamətləri

Müsabiqələr beş əsas istiqaməti əhatə edir:

  1. Azərbaycançılıq: yad ideoloji təsirlərə qarşı ictimai səfərbərlik. Bu istiqamət üzrə Azərbaycançılıq məfkurəsinin milli sipər kimi təbliği, cəmiyyətdə həmrəyliyin və milli birliyin gücləndirilməsi, ana dilinin saflığının qorunması, uşaqların və gənclərin milli ruhda tərbiyəsi ilə bağlı layihələrə üstünlük veriləcək.
  2. QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı. QHT-lərin sosial media platformalarında ictimai hesabatlılığının artırılması, süni intellekt alətlərindən düzgün və səmərəli istifadə, rəqəmsal təhlükəsizlik, uşaqların zərərli informasiyalardan və asılılıqlardan qorunması istiqamətində maarifləndirmə layihələri dəstəklənəcək.
  3. Regionlarda aqrar sahədə təşəbbüslər. Aqrar sahədə resurs səmərəliliyinin, iqlim dayanıqlılığının və ekoloji tarazlığın təşviqi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, innovasiya və insan kapitalının inkişafına yönələn layihələrə üstünlük veriləcək.
  4. Ailə institutunun möhkəmləndirilməsi və sağlam, təhlükəsiz cəmiyyətin təşviqi. Boşanmaların qarşısının alınması, ənənəvi ailə dəyərlərinin qorunması, erkən nikahlara və insan alverinə qarşı mübarizə, əhalinin sağlamlığının və təhlükəsizliyinin gücləndirilməsi, azad edilmiş ərazilərdə sakinlərlə iş və məşğulluq bacarıqlarının artırılması əsas prioritetlər olacaq.
  5. Beynəlxalq əhəmiyyətli təşəbbüslər (sərbəst). Müstəmləkəçiliyin bütün növ təzahürlərinə, islamofobiyaya və ayrı-seçkiliyə qarşı mübarizə, mədəniyyətlərarası dialoqun təşviqi, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılması, Azərbaycanın mina və itkinlər problemlərinin beynəlxalq səviyyədə diqqətə çatdırılması, Ermənistanın müharibə cinayətlərinin ifşası, işğal dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntılara görə öhdəliklərin gündəmə gətirilməsi, eləcə də Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlər üzrə beynəlxalq tədbirlərin təşkili dəstəklənəcək.

Beynəlxalq əhəmiyyətli təşəbbüslər istiqaməti üzrə QHT-lər koalisiya şəklində də iştirak edə bilərlər. Bu halda koalisiya ən azı bir yerli və bir xarici QHT-dən ibarət olmalı, əsas icraçı təşkilat yerli QHT olmalıdır.

Koalisiyanın yaradılması barədə bütün üzv təşkilatlar tərəfindən təsdiqlənmiş protokol Azərbaycan və ingilis dillərində təqdim edilməlidir. Həmçinin xarici təşkilatlar, onların təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, internet saytı və digər məlumat mənbələri haqqında ətraflı məlumat verilməlidir.

Koalisiyada iştirak edən QHT-lərin işçi heyəti beynəlxalq formatda layihələrin idarə olunması üzrə təcrübə və imkanlara malik olmalıdır. Bir QHT yalnız bir koalisiyada təmsil oluna bilər. Koalisiya həm kiçik, həm də böyük qrant müsabiqələrinə layihə təqdim edə bilər. Lakin hər iki müsabiqənin tələblərinə cavab verən layihələrdən yalnız biri maliyyələşdiriləcək.

Əsas icraçı QHT-nin və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq sahə üzrə beynəlxalq təcrübəsinin olması, eləcə də xarici tərəfdaşdan layihəyə dəstək məktubunun təqdim edilməsi vacibdir.

Tələb olunan sənədlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 188 nömrəli Qərarına əsasən, müsabiqədə iştirak etmək istəyən QHT-lər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • layihə təklifi;
  • layihənin icra planı;
  • layihənin xərclər smetası;
  • layihə büdcəsinin maliyyə əsaslandırılması;
  • QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
  • QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
  • QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • maliyyə vəsaitinin köçürüləcəyi bank hesabı barədə məlumatlar.

Bundan əlavə, kiçik qrant müsabiqəsinə müraciət edən QHT-lər son üç il ərzindəki fəaliyyəti, həyata keçirdiyi layihələr və proqramlar barədə azı 10 fərqli məzmunda informasiyanın media subyektlərində yayımlandığını təsdiq edən sənəd təqdim etməlidirlər.

Böyük qrant müsabiqəsində iştirak etmək istəyən QHT-lər üçün isə bu tələb son beş ili əhatə edir və azı 30 fərqli məzmunda informasiyanın media subyektlərində yayılması təsdiqlənməlidir.

Müsabiqəyə buraxılmayan layihələr

Aşağıdakı layihələr müsabiqəyə qəbul edilməyəcək:

  • Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər normativ hüquqi aktlarına və Nazirlər Kabinetinin müvafiq qərarına zidd olan layihələr;
  • əvvəlki müsabiqələrdə dövlət büdcəsi hesabına maliyyələşdirilmiş eyni məzmunlu və plagiat layihələr;
  • QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
  • qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;
  • Agentliyin əvvəlki qrant müsabiqələrində qalib gələrək öhdəliklərini yerinə yetirməyən və debitor borcu olan QHT-lərin layihələri.

Layihələrin qiymətləndirilməsi meyarları

Texniki ekspertizadan keçən layihələr 100 ballıq sistem üzrə qiymətləndiriləcək. Qiymətləndirmə zamanı layihənin məqsədinin aydınlığı, innovativliyi, problemlərə yeni və ya daha təkmil həllər təklif etməsi, icra müddətinin əsaslandırılması və davamlılığı nəzərə alınacaq.

Bununla yanaşı, büdcənin nəzərdə tutulan fəaliyyətlərə uyğunluğu, QHT-nin və işçi heyətinin peşəkarlığı, əvvəlki layihə təcrübəsi, risklərin təhlili, monitorinq mexanizmi, benefisiarların düzgün müəyyənləşdirilməsi, tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq, gözlənilən nəticələr də qiymətləndiriləcək.

Layihələrin müvafiq sahədə dövlət siyasətinə, qüvvədə olan normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrə, habelə strateji dövlət sənədlərinin – proqramların, yol xəritələrinin və konsepsiyaların hədəflərinə töhfəsi də əsas meyarlardandır.

Sənədlərin təqdim edilməsi qaydası

QHT-lər layihə təkliflərini Agentliyin saytında yaradılmış xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Müvafiq bölmə 2026-cı il noyabrın 20-dən dekabrın 20-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq.

Şəxsən, poçt və ya elektron poçt vasitəsilə təqdim edilən layihə sənədləri qəbul olunmayacaq.

Əlavə məlumat almaq istəyənlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müraciət edə bilərlər.

Agentliyin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.

Elektron poçt: [email protected]

Telefon: (+994 12) 493-15-81.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın