Almaniyada “Yaşıllar” partiyası fövqəladə varlılara yeni vergi tətbiq etməyi təklif etdi
Almaniya Bundestaqında “İttifaq 90/Yaşıllar” partiyasının fraksiyası sərvəti 500 milyon avrodan çox olan şəxslərə xüsusi vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, təklif mütərəqqi vergi şkalasını nəzərdə tutur:
-
500 milyon avrodan başlayan sərvətlər üçün — 2%;
-
1 milyard avrodan yuxarı sərvətlər üçün — 3%;
-
10 milyard avrodan çox sərvətlər üçün — 4%.
“Yaşıllar”ın hesablamalarına görə, bu yeni tədbir dövlət büdcəsinə hər il təxminən 20 milyard avro əlavə gəlir gətirə bilər. Qeyd olunur ki, vergi ölkənin yalnız bir neçə yüz ən varlı sakininə şamil ediləcək.
“Milyarderlər sosial işçilərdən az vergi ödəyir”
Partiyanın maliyyə komitəsindəki nümayəndəsi Otte bildirib ki, Almaniyada həddindən artıq varlı şəxslər sosial xidmət işçilərindən daha az vergi ödəyirlər. Onun sözlərinə görə, yeni verginin tətbiqi sosial bərabərsizliyi azaltmağa və dövlət büdcəsini balanslaşdırmağa imkan verəcək.
İqtisadçılardan xəbərdarlıq: Kapital ölkədən qaça bilər
Bununla belə, sözügedən təşəbbüs “Yeni Sosial Bazar İqtisadiyyatı” (INSM) təşkilatı tərəfindən kəskin tənqidlə qarşılanıb.
Təşkilat hesab edir ki, sərvət vergisi investisiya stimullarını zəiflədəcək, kapitalın və iri vergi ödəyicilərinin Almaniyadan axınını sürətləndirəcək. INSM yeni vergilər tətbiq etmək əvəzinə, dövlət xərclərinin azaldılmasını təklif edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


