“Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin – AQEM-in 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin, çoxtərəfli diplomatiyada fəal rolunun və Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyinin mühüm göstəricisidir”. Bu fikirləri realist.az-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Zirvə Görüşünün əhəmiyyətini ilk növbədə müasir geosiyasi şərait kontekstində qiymətləndirmək lazımdır. Qlobal təhlükəsizlik arxitekturasının ciddi çağırışlarla üzləşdiyi, dövlətlərarası etimadın zəiflədiyi bir dövrdə AQEM kimi dialoq və etimad platformalarının rolu daha da artır. Təşkilatın əsas siyasi fəlsəfəsi dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq, qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu prinsiplər eyni zamanda Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət kursunun fundamental elementləridir.
Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanın 2024-cü ildə AQEM sədrliyinə yekdil dəstək alması, daha sonra sədrliyin 2026–2028-ci illər üçün davam etdirilməsinin dəstəklənməsi ölkəmizə üzv dövlətlər tərəfindən göstərilən siyasi etimadın institusional ifadəsidir. AQEM-in rəsmi sənədlərində də Azərbaycanın növbəti dövr üçün sədrliyinə dair qərar təsbit olunub.
“Azərbaycanın sədrliyi dövründə AQEM-in yalnız siyasi dialoq platforması kimi deyil, daha praktik və institusional əməkdaşlıq mexanizminə çevrilməsi istiqamətində mühüm addımlar atılıb. Nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və maliyyə əməkdaşlığı kimi istiqamətlər üzrə təşəbbüslərin irəli sürülməsi təşkilatın gündəliyini genişləndirib. Laosun məhz Bakı Zirvə Görüşündə AQEM-ə tamhüquqlu üzv qəbul edilməsi də təşkilatın coğrafi və siyasi çəkisinin artmasının göstəricisidir”.
Deputat əlavə edib ki, Azərbaycan coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşməklə yanaşı, artıq siyasi və iqtisadi baxımdan da Avrasiya məkanının birləşdirici mərkəzlərindən birinə çevrilir. Orta Dəhliz, enerji təhlükəsizliyi, nəqliyyat-logistika infrastrukturu və regional bağlantı layihələri ölkəmizin geosiyasi mövqeyinə əlavə iqtisadi və strateji məzmun qazandırır.
“AQEM-in Bakı Zirvəsi Azərbaycanın xarici siyasətində balanslılıq, çoxvektorluluq və bərabərhüquqlu əməkdaşlıq modelinin praktik nəticəsidir. Dövlət və hökumət başçılarının Bakıda bir araya gəlməsi Azərbaycanın dialoq məkanı, etimad platforması və regional təhlükəsizliyə töhfə verən dövlət kimi rolunu daha da möhkəmləndirir. Bu baxımdan AQEM-in 7-ci Zirvə Görüşünü yalnız beynəlxalq tədbir kimi deyil, Azərbaycanın Avrasiya məkanında siyasi, iqtisadi və diplomatik təsir imkanlarının genişlənməsinin, dövlətimizin beynəlxalq təşəbbüslər formalaşdıran aktora çevrilməsinin mühüm göstəricisi kimi qiymətləndirmək lazımdır”, – deyə Aydın Hüseynov vurğulayıb.
Şəlalə Camal
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
