EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan (0:1) oyunundan sonra mətbuat konfransında iştirak edib.

Realist.az xəbər verir ki, baş məşqçi rəqibin ilk oyunda Azərbaycan millisindən xal aldığına diqqət çəkərək, bütün bu məqamların hazırlıq prosesində nəzərə alındığını qabardıb:

“Dünən də qeyd etdiyimiz kimi, rəqibin ilk oyunda bizdən xal aldığını bilirdik və bu dəfə öz meydanlarında daha inamlı çıxış edəcəklərini gözləyirdik. Yenə eyni sistemlə, sıx müdafiə quraraq oynamağı və erkən qol vurmağı planlaşdırmışdıq”.

“Tələskənlik hücumlarımızı rahat sonlandırmağa mane olurdu”

A. Abbasov erkən qolun vurulduğunu, ilk dəqiqələrdə təhlükəli hücumların təşkil edildiyini və qapı dirəyinə tuş gələn zərbələrin olduğunu xatırladıb. Lakin onun sözlərinə görə, futbolçularda qələbə qazanmaq istəyi və tələskənlik bir qədər çox idi:

“Bu da hücumlarımızı daha rahat şəkildə sonlandırmağımıza mane olurdu. Ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsədə çatmaq, birinci yeri tutmaq istəyirdik. Gələcək mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın gərgin və stresli keçdiyi bir vaxtda diqqətlərini milli komandaya yönəldərək bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm”.

Andorra ilə matçda bütün futbolçulara şans veriləcək

Baş məşqçi qarşıdakı yoldaşlıq görüşü ilə bağlı planlarını da açıqlayıb: “Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz var. Həmin matçda bütün futbolçulara şans verməyə çalışacağıq. Komandaya yeni dəvət olunan oyunçuların da milli komandanın ab-havasını hiss etməsi vacibdir”.

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Vaduts şəhərində baş tutan D Liqasının 2-ci qrupunun matçı millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 26-cı dəqiqədə Mahir Emreli vurub.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın