EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Realist.az xəbər verir ki, “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri Balakən rayonunda yerli icma nümayəndələri ilə görüş keçiriblər.

QSC-dən Realist.az-a bildirilib ki, görüş Balakən Rayon İcra Hakimiyyətində baş tutub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, “Filizçay” polimetal yatağının yaxınlığında yerləşən Mazımqaray, Gərəkli, Mahamalar və Salban kəndlərinin sakinləri, ağsaqqallar və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Görüşdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev “Filizçay” polimetal yatağının Azərbaycanın dağ-mədən sənayesi üçün strateji əhəmiyyətini vurğulayıb. Bildirilib ki, layihənin reallaşdırılması Şimal-Qərb regionunun, xüsusilə Balakən rayonunun sosial-iqtisadi inkişafına töhfə verəcək, yerli biznesin canlanmasına və sahibkarlıq imkanlarının genişlənməsinə şərait yaradacaq.

“AzerGold” QSC İdarə Heyətinin üzvü, sədr müavini İlqar Cəlilov isə “Filizçay” yatağının strateji əhəmiyyəti və resurs potensialı barədə məlumat verib. O qeyd edib ki, yataq geoloji quruluşu və metallurgiya xüsusiyyətlərinə görə təkcə Azərbaycan deyil, Avropa miqyasında da iri və mürəkkəb dağ-mədən layihələrindən biridir.

Məlumata görə, yataqda geoloji-kəşfiyyat işləri başa çatdırılıb, beynəlxalq standartlara uyğun resurs qiymətləndirilməsi aparılıb. Hazırda İlkin Texniki-İqtisadi Əsaslandırma mərhələsində olan layihə çərçivəsində filizin emalı üçün flotasiya və hidrometallurgiya texnologiyaları araşdırılır. Məqsəd optimal və ekoloji baxımdan təhlükəsiz emal üsulunu müəyyənləşdirməkdir.

Strateji yol xəritəsinə əsasən, 2030-cu ildə Yekun Texniki-İqtisadi Əsaslandırmanın tamamlanması və emal zavodunun tikintisinə başlanılması planlaşdırılır. İstismar müddətinin 34 il nəzərdə tutulduğu müəssisənin 2032-ci ildə ilkin istismara verilməsi hədəflənir.

“AzerGold” QSC İdarə Heyətinin üzvü, sədr müavini Ayşəm Qələmiyeva layihənin yerli əhali üçün yaradacağı imkanlardan danışıb. Bildirilib ki, zavodun tikintisi və istismarı dövründə yerli sakinlər üçün yüzlərlə yeni və daimi iş yerinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, peşə hazırlığının gücləndirilməsi, mühəndislik və texniki ixtisaslar üzrə kadr potensialının inkişafı dəstəklənəcək.

Görüşdə ətraf mühitin qorunması, su ehtiyatlarının mühafizəsi, tullantıların idarə olunması, torpaq və biomüxtəlifliyin qorunması, ekoloji monitorinq və yerli icmaların məlumatlandırılması istiqamətində görüləcək işlər də müzakirə olunub.

Qeyd edilib ki, “AzerGold” QSC Balakən rayonunda da korporativ sosial məsuliyyət təcrübəsini tətbiq edəcək. Yerli icmaların rifahının yüksəldilməsi məqsədilə məşğulluq, təhsil, səhiyyə, sosial-iqtisadi inkişaf və ətraf mühitin mühafizəsi sahələrində kompleks tədbirlər həyata keçiriləcək.

Sonda sakinlərin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

“AzerGold” QSC-nin KSM Komitəsi layihənin gedişi və yerli əhali üçün yaradılacaq imkanlar barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Balakən sakinləri ilə görüşləri davam etdirəcək.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın