İraqın cənubunda yerləşən Əl-Hartha elektrik stansiyasında baş verən güclü yanğın 4 nəfərin həyatına son qoyub, 35 nəfər isə xəsarət alıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Realist.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, xəsarət alanların əksəriyyəti elektrik stansiyasının yaxınlığında yaşayan sakinlərdir. Onların bir qismi yanıq xəsarətləri alıb, digərləri isə tüstüdən zəhərlənib.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın nəzarət altına götürülüb. Bununla belə, alovun yaxınlıqdakı yaşayış binalarına da keçdiyi, elektrik stansiyasının fəaliyyətinin isə tam dayandırıldığı bildirilir.
İraqın Energetika Nazirliyi ilkin ehtimala görə, hadisənin stansiyanı yanacaqla təmin edən qaz boru kəmərində yaranmış nasazlıqdan qaynaqlandığını açıqlayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


