Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın “Çoban məsuliyyəti” adlı yeni kitabı Əkbər Qoşalı və Tural İrfan tərəfindən təhlil edilib.
Realist.az xəbər verir ki, müəlliflər “Vətəndaşlıq məsuliyyəti” sərlövhəli yazıda kitabın ideya istiqamətlərini, siyasi-fəlsəfi məzmununu və cəmiyyət qarşısında qoyduğu sualları dəyərləndiriblər.
Təhlildə qeyd olunub ki, kitabın adı yalnız məzmuna işarə etmir, eyni zamanda məsuliyyət anlayışına, xüsusilə də aydınların və cəmiyyətin öhdəliklərinə diqqət çəkir. Müəlliflərin fikrincə, çoban obrazı əmanətə sahib çıxmağın, təhlükəni öncədən görməyin və üzərinə düşən vəzifəni yerinə yetirməyin rəmzi kimi təqdim olunur. Bu baxımdan, kitabda aydın olmaq iddiası ilə cəmiyyətin maariflənməsinə real töhfə vermək arasındakı fərq ön plana çıxarılır.
Yazıda vurğulanır ki, kitabın səkkiz bölməsini birləşdirən əsas mövzulardan biri tarixə və dövlətçilik irsinə münasibətdir. Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarına, XIX əsr maarifçiliyinə və milli dövlətçilik düşüncəsinin formalaşmasına xüsusi diqqət yetirir. Əkbər Qoşalı və Tural İrfan hesab edirlər ki, tarixi irsi qorumaqla yanaşı, onu müasir dövlətçilik meyarları əsasında dəyərləndirmək də vacibdir.
Təhlildə Qarabağ Zəfərinin yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli düşüncədə yeni mərhələnin başlanğıcı olduğu qeyd edilir. Müəlliflərə görə, qalib dövlətin vətəndaşı olmaqla qalib düşüncənin daşıyıcısına çevrilmək arasında fərq var. Zəfərə layiq olmaq isə onunla fəxr etməklə məhdudlaşmır, bu qələbənin yaratdığı məsuliyyəti gündəlik davranışda, təhsildə, mədəniyyətdə və ictimai münasibətlərdə nümayiş etdirməyi tələb edir.
Məqalədə kitabın diqqət çəkən istiqamətlərindən biri kimi ictimai həmrəylik və maarifçilik məsələləri də göstərilir. Bildirilir ki, çağdaşlıq yalnız müasir texnologiyalardan istifadə ilə ölçülmür, eyni zamanda düşüncənin yenilənməsini və bilgili davranışı tələb edir. Müəlliflərin qənaətinə görə, maarifçilik yalnız cəhaləti tənqid etmək deyil, insanları anlamaq, inandırmaq və düşüncə dəyişikliyinə imkan yaratmaq məsuliyyətini də özündə birləşdirir.
Təhlildə ana dilinin, milli mədəniyyətin və düşüncə müstəqilliyinin qorunması məsələlərinə də toxunulur. Qeyd edilir ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli düşüncənin ifadə məkanıdır. Mədəniyyət isə təkcə qorunmalı irs deyil, eyni zamanda yeni dəyərlərin yaradılması və ənənələrin müasir dövrdə yaşadılması prosesidir.
Əkbər Qoşalı və Tural İrfan kitabda milli bütövlük, siyasi kimlik və dövlətçilik məsələlərinin də müzakirə olunduğunu diqqətə çatdırıblar. Onların fikrincə, bu mövzular milli romantizmlə siyasi realizmin, tarixi yaddaşla müasir hüquqi-siyasi reallığın münasibətləri baxımından yenidən düşünülməsinə imkan yaradır.
Yazıda din, dünyəvilik və vicdan azadlığı məsələləri də ayrıca dəyərləndirilib. Müəlliflər vurğulayıblar ki, dünyəvilik inancsızlıq demək deyil. Dünyəvi dövlət insanların inanmaq, inanmamaq və öz vicdanına uyğun yaşamaq hüquqlarını təmin etməlidir. Dini maarifçilik isə həm inanc sahibinin ləyaqətini qorumağı, həm də dini cəhalətlə mübarizə aparmağı nəzərdə tutur.
Təhlildə “Çoban məsuliyyəti”nin akademik monoqrafiya deyil, müxtəlif ictimai hadisələr əsasında qələmə alınmış siyasi-fəlsəfi esselər, analitik və polemik yazılar toplusu olduğu da vurğulanır. Müəlliflər əsərin ayrı-ayrı tezislərinin müzakirə və mübahisə doğura biləcəyini, bunun isə oxucunu müstəqil düşünməyə sövq etdiyini bildiriblər.
Sonda qeyd olunub ki, Fazil Mustafanın yeni kitabı müəllifin əvvəlki nəşrlərində irəli sürdüyü düşüncə xəttinin davamıdır. Əsərin əsas mesajı isə dövlətin sərhədlərini qorumaqla yanaşı, düşüncə üfüqlərini genişləndirmək, milli kimliyi yaşatmaqla bərabər, özünütənqid mədəniyyətini inkişaf etdirmək və vətəndaşlıq hüquqları ilə yanaşı, məsuliyyətləri də dərk etməkdən ibarətdir.
Qeyd edək ki, təhlilin müəllifləri Əkbər Qoşalı və Tural İrfandır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


