Fransada hakimiyyət və müxalifət arasında dərinləşən fikir ayrılıqları ölkənin siyasi gələcəyi ilə bağlı suallar yaradır. Mövcud vəziyyətin Prezident Emmanuel Makronun mövqelərinə və Fransanın Avropa siyasətindəki roluna təsiri isə siyasi qüvvələr arasında münasibətlərin necə tənzimlənəcəyindən asılıdır.

Bu barədə Milli Məclisin deputatı Mircəlil Qasımlı *Realist.az*-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Fransada baş verənlər yalnız daxili siyasi mübarizə çərçivəsində qiymətləndirilməməlidir. Avropa İttifaqının aparıcı üzvlərindən biri olan Fransadakı qeyri-sabitlik birliyin siyasi qərarlarına, dövlətlərarası münasibətlərə və iqtisadi gündəliyinə də təsir göstərə bilər.

M.Qasımlı hesab edir ki, ölkədəki siyasi vəziyyətin gələcək istiqamətini müəyyənləşdirən əsas məqamlardan biri hakimiyyətlə müxalifət arasında kompromisin əldə olunub-olunmayacağıdır. Tərəflərin dialoqa nə dərəcədə açıq olması və fikir ayrılıqlarını hansı yollarla aradan qaldırması Fransanın siyasi kursuna təsir edən amillər sırasındadır.

Fransadakı proseslərin Azərbaycan üçün mümkün nəticələrinə toxunan deputat bildirib ki, mövcud gərginliyin ölkəmizə birbaşa təsirinin məhdud olacağı gözlənilir. Onun fikrincə, Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasəti beynəlxalq münasibətlərdə öz mövqeyini qoruması baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat Azərbaycan-Fransa əlaqələrinin perspektivlərini də dəyərləndirib. O vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafı qarşılıqlı hörmətin, dövlətlərin suverenliyinin və beynəlxalq hüquq normalarının nəzərə alınmasından asılıdır.

M.Qasımlının fikrincə, iki ölkə arasında əlaqələrin sağlam əsaslar üzərində qurulması üçün tərəflər bir-birinin milli maraqlarına və suveren hüquqlarına hörmətlə yanaşmalıdırlar.

Şəlalə Camal

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın