Gəncə şəhərində “Himayədar ailə” qayğı modelinin təşviqi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə təşkil olunub.
Realist.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində keçirilən tədbirdə 200-ə yaxın şəxs iştirak edib. Onların arasında dövlət qurumlarının nümayəndələri, səhiyyə işçiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, universitetin müəllim və tələbələri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar yer alıblar.
İctimai dinləmədə Agentliyin fəaliyyəti, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlər, xidmətlərin əlçatanlığının və şəffaflığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin şöbə müdiri Qara Rəhimov “Himayədar ailə” qayğı modelinin mahiyyəti, üstünlükləri, müraciət qaydaları və himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirilməsi prosesi haqqında danışıb.
Çıxışlarda himayədar ailələrə verilən uşaqların təhsil və sağlamlıq hüquqlarının qorunması, onların yeni ailə mühitinə psixoloji uyğunlaşması, eləcə də himayədar valideynlərin hüquq və vəzifələri diqqətə çatdırılıb. Bu prosesdə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu da vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


