Beynəlxalq yükdaşıma bazarında etibar adı altında gizlənən məsuliyyətsizliyin yerli sahibkarlara ağır zərbə vurduğu iddia edilir. “ON PACK” MMC və “HERITUS GROUP” MMC arasındakı mübahisə Bakı Kommersiya Məhkəməsinə daşınıb. Iddiaçı tərəf HERITUS GROUP” MMC-ni səriştəsizlikdə, eləcə də qəsdən aldatma kimi hüquq pozuntularında ittiham edir.
Məhkəmə çəkişməsi çərçivəsində Bakı Kommersiya Məhkəməsinin hakimi Fərid Hətəmzadə tərəfindən iddiaçının hüquqlarının qorunması məqsədilə müvəqqəti təminat tədbiri tətbiq olunub və “HERITUS GROUP” MMC-nin bank hesablarının üzərinə həbs qoyulub.
Şirkət rəhbərliyinin sözügedən qərardan verdiyi əsassız şikayətlə tanış olan Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin isə cavabdehin nümayəndəsinin pozuntu halları fonundakı iddiaları qarşısında kəskin etiraz bildiriblər. Məhkəmədə yalnız emosional çıxışlarla nəyəsə nail olacağını güman edən şəxslərin bu davranışlarından sonra hakimin malların hələ də iddiaçıya təhvil verilmədiyini öyrənərək qarşı tərəfə “həm suçlu, həm güclü” olmamağı tövsiyə etdiyi və apellyasiya şikayətini rədd edərək qərarı qüvvədə saxladığı bildirilir.
Daşıyıcının öhdəliklərini icra etməməsi və qanunsuz hərəkətləri nəticəsində “ON PACK” MMC-yə 150 000 manatdan çox real zərər və əldən çıxmış fayda dəydiyi vurğulanır. Çindən sifariş olunan 25 ton xammalın vaxtında Bakıya çatdırılmaq əvəzinə, şirkətin özbaşınalığı üzündən aylar boyunca aidiyyəti olmayan bir ölkənin (Oman Sultanlığının) qızmar səhrasında, bağlı konteynerlərdə sahibsiz qalaraq tam yararsız hala düşdüyü qeyd olunur.
Süründürməçilik zamanı yükün dekabrda yola düşdüyü deyilərək müştərinin aldadıldığı, müharibə və fors-major bəhanəsi arxasında gizlənməyə çalışan “HERITUS GROUP” şirkətinin isə yükün hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl — fevralın ortalarında Bakıda təhvil verilməli olduğu həqiqətini gizlətməyə çalışdığı iddia olunur.
Şirkət rəhbərliyinin dəfələrlə qəti sözlər və vədlər verməsinə baxmayaraq, sözünə sadiq qalmayaraq müştərini sistemli şəkildə aldatdığı bildirilir. Hətta cavabdeh şirkəti müdafiə edən müəyyən şəxslərin də onları aldadaraq məsələni asanlıqla həll edə biləcəklərini vəd etdikləri və qarşılığında külli miqdarda pul aldıqları iddia edilir.
Öz səhvləri üzündən yükü fərqli limanlara aparan şirkətin, üstəlik yaranmış minlərlə dollarlıq saxlanma xərclərini vicdansızcasına sahibkarın üzərinə yıxmaq istədiyi, lakin onların dəniz xəttinə və gəmiçilik alyansına göndərdikləri rəsmi şikayət məktublarının öz qanunsuzluqlarını və yalanlarını tamamilə ifşa etdiyi məlum olmuşdur.
Aylar ərzində verilən boş vədlərə və apellyasiya məhkəməsinin qərarına baxmayaraq cavabdeh tərəfin hələ də məsuliyyətdən yayınmağa cəhd etdiyi iddia edilsə də, “ON PACK” MMC hüquqi müstəvidə bu özbaşınalığa son qoyulmasını və dəymiş bütün zərərin “HERITUS GROUP” MMC-dən tam şəkildə tutulmasını tələb edir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa və səsləndirməyə hazırıq.

© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
