İran İslam Şurası Məclisinin (parlament) oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq.
“Report”un İran mediasına istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi məlumat verib. Qanunverici orqanın nümayəndəsi iclasın onlayn formatda baş tutacağını və M. Ə. Kitabçinin səlahiyyətlərinin ətraflı nəzərdən keçiriləcəyini vurğulayıb.
Raket və Aerokosmik sahənin təcrübəli sima: Mehrdad Əxlaqi kimdir?
İran Prezidenti Məsud Pezeşkian bu strateji posta uzun illər ölkənin aerokosmik və raket sənayesində mühüm xidmətlər göstərmiş Mehrdad Əxlaqi Kitabçinin namizədliyini irəli sürüb.
M. Ə. Kitabçinin tərcümeyi-halı və fəaliyyəti:
-
Doğum tarixi və yeri: 10 sentyabr 1958-ci il, Rəşt şəhəri.
-
Tutduğu vəzifələr: İran Müdafiə Nazirliyinin nüfuzlu şəxslərindən biri olan Kitabçi Aerokosmik Sənaye Təşkilatının və Müdafiə Sənayesi Təşkilatının baş direktoru vəzifələrində çalışıb. Həmçinin “Şəhid Baqeri” sənaye qrupuna rəhbərlik edib.
-
Beynəlxalq sanksiyalar: İranın raket texnologiyalarının inkişafındakı roluna görə 2007-ci ildən BMT-nin sanksiya siyahısında yer alıb. 2023-cü ilin oktyabrında bu məhdudiyyətlərin müddəti bitsə də, 2025-ci ilin sentyabrında onun adı yenidən sanksiya siyahısına qaytarılıb.
-
Qlobal məhdudiyyətlər: BMT ilə yanaşı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, Kanada, İsveçrə və Yaponiya da ona qarşı fərdi sanksiyalar tətbiq edib.
Nazirlikdə müvəqqəti rəhbərlikdən sonra yeni mərhələ
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ-nin həyata keçirdiyi hərbi hücum nəticəsində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei ilə yanaşı, müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə (Əmir Nəsirzadə) də həlak olmuşdu.
Həmin fəlakətdən sonra Prezident Məsud Pezeşkian müdafiə naziri vəzifəsini müvəqqəti olaraq briqada generalı Məcid ibn ər-Rzaya tapşırmışdı.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
