“Realist.az” “Aktual Xəbər”in bu mövzuda müsahibəsini oxucularına təqdim edir. 

“Aktual Xəbər” bu mövzuda uzman klinik (tibbi) psixoloq Narınc Rüstəmovanın fikirlərini öyrənib.

Narınc Rüstəmova bu barədə fikirlərini bölüşərkən bildirib ki, qorxulu obrazların özü avtomatik olaraq zorakılığı normallaşdırmır. Fantaziya ilə reallığı ayırd edə bilən insanlar üçün belə görüntülər sadəcə kostyum və ya səhnələşdirilmiş əyləncə ola bilər.

– Narınc xanım, sosial şəbəkələrdə Halloweenlə bağlı paylaşımlar, xüsusilə qorxulu obrazlar, qan və yaralanmanı xatırladan makiyaj və geyimlər geniş yayılıb. Bu cür görüntülərin əyləncə vasitəsinə çevrilməsini necə qiymətləndirirsiniz?

– Bəzi insanlar üçün bu görüntülər əyləncəli və yaradıcı görünə bilər. Lakin onların necə təqdim olunduğu, kimlərin qarşısına çıxdığı və uşaqların bu prosesə necə cəlb edildiyi barədə düşünmək vacibdir. Halloweenin tarixi kökləri də mövzuya daha düşünülmüş yanaşmağı tələb edir.

Bu ənənənin başlanğıcı qədim keltlərin mövsümün dəyişməsi və məhsul yığımı ilə bağlı qeyd etdiyi Samhain mərasiminə, sonrakı dövrdə isə xristian ənənəsindəki “All Hallows’ Eve” – Müqəddəslər Günündən əvvəlki axşama bağlanır. Samhainlə əlaqəli inanclarda dünyasını dəyişmiş insanların ruhlarının həmin gecə qayıda biləcəyi düşüncəsi də yer alırdı. Deməli, ölüm və dünyasını dəyişənlərin xatirəsi Halloweenin tarixi qatlarından biridir. Bununla belə, bayramın yalnız sevdiklərini yad etmək üçün yaradıldığını söyləmək dəqiq olmaz. Əsrlər ərzində ənənələr dəyişib, Halloween bir çox yerdə qorxulu obrazlar, kostyumlar və əyləncə ilə əlaqələnib.

– Qorxulu obrazların və zorakılığı xatırladan görüntülərin əyləncə kimi təqdim olunması insanlarda zorakılığa qarşı həssaslığı azalda bilərmi?

– Qorxulu obrazın özü avtomatik olaraq zorakılığı normallaşdırır demək düzgün olmaz. Fantaziya ilə reallığı ayırd edə bilən insan üçün bu, sadəcə kostyum və ya səhnələşdirilmiş görüntü ola bilər. Bununla belə, zorakılığı xatırladan məzmunun tez-tez, xəbərdarlıq edilmədən və əyləncəli, adi bir hadisə kimi təqdim olunması bəzi insanlarda həssaslığın azalmasına səbəb ola bilər.

Bu təsir hər kəsdə eyni olmur. Yaş, fərdi həssaslıq, əvvəlki təcrübələr və həmin məzmunla nə qədər tez-tez qarşılaşmaq da mühüm rol oynayır.

– Uşaqların Halloween tədbirlərinə qorxulu geyim və makiyajlarla cəlb olunması zamanı valideynlər nələrə diqqət etməlidirlər?

– Uşaqlara gəldikdə böyüklərin məsuliyyəti daha böyükdür. Uşaq qorxulu geyimdə şəkil çəkdirməyə, tədbirə qatılmağa və ya videosunun sosial şəbəkədə paylaşılmasına razı olmaya bilər. Onu “hamı edir”, “qorxma” deyərək məcbur etmək uşağın hisslərini kiçiltmək və sərhədlərini nəzərə almamaqdır.

Uşağın razılığı, yaşı və emosional rahatlığı nəzərə alınmalıdır. Qorxutmaq, qəfil qarşısına çıxmaq və reaksiyasını çəkib paylaşmaq böyüklər üçün əyləncə kimi görünsə də, uşaqda narahatlıq və utanc yarada bilər.

– Sosial şəbəkələrdə yayılan bu cür görüntülər uşaqlara hansı yollarla təsir göstərə bilər?

– Sosial şəbəkələrdə yayılan görüntülər yalnız onları paylaşan şəxslərin izləyicilərinə çatmır. Alqoritmlər bu məzmunu uşaqların da qarşısına çıxara bilər. Buna görə paylaşım edənlər yaşa uyğun məzmun seçməli, həssas görüntülər barədə əvvəlcədən xəbərdarlıq etməli və uşaqları qorxuda biləcək materialları açıq şəkildə yayarkən məsuliyyətli davranmalıdırlar.

İzləyicilər də belə paylaşımları uşaqların yanında açarkən ehtiyatlı olmalı, uşağın narahat olduğunu gördükdə onu izləməyə məcbur etməməlidirlər.

– Bəzən valideynlər uşaqların qorxulu reaksiyalarını videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bu yanaşmanın hansı mənfi tərəfləri var?

– Əyləncə insanın və uşağın təhlükəsizlik hissi, şəxsi sərhədləri və ləyaqəti hesabına qurulmamalıdır. Uşağın qorxusu gülüş və baxış toplamaq üçün vasitəyə çevrilməməli, onun görüntüsü paylaşılarkən razılığı və məxfiliyi qorunmalıdır.

Qorxulu obrazlara münasibətdə də niyyətlə yanaşı mümkün təsiri düşünmək, həssas insanları nəzərə almaq və zorakılığı adi, lağ obyektinə çevrilən hadisə kimi təqdim etməmək vacibdir.

– Beləliklə, Halloween və bu kimi əyləncələrdə sərhəd harada qoyulmalıdır?

– Məqsəd hər hansı bayramı və ya yaradıcılıq formasını qınamaq deyil. Məqsəd əyləncənin sərhədini müəyyənləşdirməkdir. Başqasını qorxutmadan, uşağa təzyiq göstərmədən və zorakılığa qarşı həssaslığı azaltmadan da yaradıcı olmaq mümkündür.

Şəlalə Camal
Aktual Xəbər

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın