1991-ci il noyabrın 20-də Qarakənd səmasında baş verən faciə Azərbaycan dövlətçiliyinin ən həssas dövründə xalqımıza vurulmuş ağır zərbə idi. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mi-8” helikopterinin vurulması nəticəsində 22 nəfər həyatını itirdi. Onlar Qarabağda getdikcə ağırlaşan vəziyyətlə yerində tanış olmaq, qarşıdurmanın aradan qaldırılması istiqamətində addımlar atmaq məqsədilə bölgəyə yollanmışdılar. Bu hadisə sülh səylərinə, dövlət idarəçiliyinə və cəmiyyətin gələcəyə olan ümidlərinə ağır zərbə oldu.
Realist.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov Qarakənd faciəsinin 35-ci ildönümü ilə bağlı açıqlamasında bildirib.
Deputat qeyd edib ki, faciə baş verən zaman Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Sovet İttifaqının süqutu fonunda dövlət institutları formalaşır, siyasi və təhlükəsizlik mühiti mürəkkəbləşir, Qarabağda silahlı hücumlar və əhalinin doğma yurdlarından didərgin düşməsi xalqımızın həyatını sarsıdırdı. Belə bir şəraitdə ölkənin təcrübəli dövlət xadimlərini itirməsi müstəqil dövlət quruculuğunun ən ağır sınaqlarından birinə çevrildi.
R.Muradovun sözlərinə görə, həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Osman Mirzəyev, jurnalist Alı Mustafayev və operator Fəxrəddin Şahbazov da olub. Xarici nümayəndələr, digər dövlət əməkdaşları və helikopter heyətinin üzvləri də faciənin qurbanına çevriliblər.
Deputat bildirib ki, həlak olanlar arasında Azərbaycan Televiziyasının əməkdaşı Arif Hüseynzadənin olması onun üçün xüsusi mənəvi əhəmiyyət daşıyır: “Biz vaxtilə bir məktəbdə təhsil almışıq. Onunla bağlı bu şəxsi bağ Qarakənd faciəsini yaddaşımda daha da ağrılı edir. İllər keçir, lakin o gün itirdiyimiz insanların xatirəsi həm dövlət yaddaşımızda, həm də onları tanıyanların qəlbində yaşayır”.
R.Muradov vurğulayıb ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində tarixi Zəfər qazanılıb.
Onun sözlərinə görə, bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız, azad edilmiş torpaqlarda bərpa olunan həyat xalqımızın onilliklər boyu apardığı mübarizənin mənəvi təntənəsidir. Bununla belə, əldə edilən tarixi nailiyyətlər keçmişin ağrılarını unutdurmur, əksinə, həmin illərdə xalqımızın üzləşdiyi faciələrin miqyasını və müstəqil dövlətçiliyimizin əhəmiyyətini daha dərindən dərk etməyə imkan verir.
“Qarakənd faciəsi Azərbaycan dövlətçiliyinin tarixi yaddaşında mühüm yer tutan, müstəqilliyimizin hansı ağır sınaqlardan keçdiyini gələcək nəsillərə xatırladan unudulmaz hadisələrdən biridir. Faciənin 35-ci ildönümündə həlak olanların hamısını dərin ehtiramla yad edir, ailələrinin kədərini bölüşürəm. Allah hamısına rəhmət eləsin!” – deyə deputat əlavə edib.
Şəlalə Camal
Aktual Xəbər
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


