EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

DİM-in müstəqilliyi qorunmalıdır

Milli Məclisin deputatı Zahid Oruc Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə Məleykə Abbaszadənin təyin edilməsini yüksək qiymətləndirib, Dövlət İmtahan Mərkəzinin ölkənin dövlət quruculuğu sistemindəki roluna və institusional müstəqilliyinin qorunmasının vacibliyinə diqqət çəkib.

Deputat Realist.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi Azərbaycanın müstəqillik dövründə formalaşmış ən mühüm institusional təsisatlardan biridir. Onun sözlərinə görə, qurumun gələcəyi ölkənin milli təhlükəsizliyi və dövlət quruculuğu baxımından strateji əhəmiyyət daşıyır. Çünki milyonlarla şagird və tələbənin bilik səviyyəsinin obyektiv qiymətləndirilməsi dövlətin bütün sahələri üçün layiqli kadrların hazırlanmasında mühüm rol oynayır.

Zahid Oruc qeyd edib ki, Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin olunması onun dövlətçilik qarşısındakı xidmətlərinin və uzun illər ərzində qazandığı idarəçilik təcrübəsinin yüksək qiymətləndirilməsidir. Deputat vurğulayıb ki, Məleykə Abbaszadənin fəaliyyəti yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və sonradan Dövlət İmtahan Mərkəzinə rəhbərlik etməklə məhdudlaşmır. O, müstəqillik tariximizdə cəmiyyətin etimadını qazanmış, şəffaflıq, peşəkarlıq və obyektiv qiymətləndirmə prinsiplərinə əsaslanan mühüm dövlət institutunun formalaşmasında xüsusi xidmətlər göstərib.

Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dəstəyi ilə formalaşan qəbul sistemi ali təhsil almaq imkanlarının vətəndaşların sosial mənşəyindən və maddi vəziyyətindən asılılığını azaltmaqda mühüm rol oynayıb. Ucqar kəndlərdə yaşayan ailələrin övladlarının öz bilik və bacarıqları hesabına yüksək nəticələr əldə edərək ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunması bu sistemin əsas nailiyyətlərindəndir.

Zahid Oruc Məleykə Abbaszadənin idarəçilik fəaliyyətində institusional prinsiplərə sadiqliyini, müxtəlif maraqlar və ictimai təzyiqlər qarşısında peşəkar mövqeyini qorumasını xüsusi vurğulayıb. Bildirib ki, dövlət qulluğuna qəbulun müsabiqə əsasında təşkili, beynəlxalq qiymətləndirmə meyarlarının tətbiqi, ölkənin təhsil göstəricilərini əks etdirən etibarlı statistik məlumat bazasının yaradılması qurumun fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Onun fikrincə, təhsilin keyfiyyəti, regionlar üzrə bilik göstəriciləri, məktəblərin nəticələri və gənclərin ixtisas seçimi ilə bağlı toplanmış məlumatlar ölkənin intellektual potensialının öyrənilməsi və gələcək təhsil siyasətinin müəyyənləşdirilməsi baxımından mühüm milli sərvətdir.

Deputat qəbul sisteminin təkmilləşdirilməsinin vacibliyini də qeyd edib. Bildirib ki, ötən illərdə test üsulu, repetitorluğun geniş yayılması, imtahanların məzmunu və qiymətləndirmə metodologiyası ilə bağlı müxtəlif müzakirələr aparılıb. Lakin metodologiyanın təkmilləşdirilməsi ilə institusional müstəqilliyin zəiflədilməsi fərqli məsələlərdir.

Zahid Oruc hesab edir ki, onilliklər ərzində formalaşmış Dövlət İmtahan Mərkəzinin funksional müstəqilliyi qorunmalıdır. Onun sözlərinə görə, qurumun başqa bir təşkilatın struktur vahidinə çevrilməsi ali məktəblərə və dövlət qulluğuna qəbul zamanı əldə olunmuş obyektivlik təminatlarını zəiflədə bilər.

Test sisteminin ləğvi ilə bağlı müzakirələrə münasibət bildirən deputat qeyd edib ki, bu üsulun əzbərçiliyi təşviq etməsi, analitik və yaradıcı düşüncənin qiymətləndirilməsində məhdud imkanlara malik olması müxtəlif tədqiqatlar əsasında araşdırılmalıdır. Bununla belə, test üsulunun alternativi subyektiv qiymətləndirmə və insan amilinin həlledici rol oynadığı əvvəlki qəbul sisteminə qayıdış olmamalıdır.

O bildirib ki, dünyada qiymətləndirmə metodologiyaları dəyişir, açıq tipli sualların, analitik tapşırıqların və biliklərin praktiki tətbiqinin əhəmiyyəti artır. Azərbaycanda da bu istiqamətdə islahatların davam etdirilməsi vacibdir. Əsas məsələ qəbul sisteminin metodologiyasını yeniləyərkən biliyin qarşısında sosial imtiyazların üstünlüyünü məhdudlaşdıran ədalətli müsabiqə prinsipini qorumaqdır.

Zahid Oruc son kadr təyinatlarını dövlət qulluğu sahəsində yeni Məcəllənin hazırlanması ilə əlaqələndirən fikirlərə də münasibət bildirib. Qeyd edib ki, dövlət idarəçiliyində peşə səriştəsi, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, rəhbər kadrların seçilməsi və irəli çəkilməsi üzrə yeni meyarların müəyyənləşdirilməsi institusional dəyişiklikləri də gündəmə gətirə bilər. Lakin yeni dövlət qulluğu sisteminin qurulması əvvəlki illərdə əldə olunmuş uğurlu təcrübənin qorunmasını tələb edir.

Deputat vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin formalaşdırdığı müsabiqə mədəniyyəti, qiymətləndirmə texnologiyaları, peşəkar kadr potensialı və zəngin məlumat bazası dövlətin institusional sərvətidir. Struktur dəyişiklikləri bu potensialı zəiflətməməli, əksinə, onun imkanlarını genişləndirməlidir.

Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsini Prezident İlham Əliyevin kadr siyasətində peşəkarlığa, intellektual potensiala və dövlətçilik təcrübəsinə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirən Zahid Oruc bildirib ki, təcrübəli mütəxəssislərin dövlət idarəçiliyində yeni vəzifələrə cəlb olunması mühüm mesaj daşıyır. Deputatın fikrincə, dövlətə və xalqa xidmətin meyarı təqvim yaşı deyil, qanuna hörmət, vəzifə məsuliyyəti və milli maraqlara sədaqətdir.

O, Prezident İlham Əliyevin təcrübəli kadrların intellektual və mənəvi potensialını yeni dövlətçilik vəzifələrinin həllinə yönəltməsini yüksək idarəçilik mədəniyyətinin təzahürü hesab edib. Qeyd edib ki, dövlət cəmiyyətin etimadını qazanmış şəxslərin təcrübəsindən bəhrələndikcə institusional tarixini qoruyur və milli idarəçilik elitasının davamlılığını təmin edir.

Deputat əlavə edib ki, hazırda Məleykə Abbaszadənin qarşısında Azərbaycanın 107 illik ali təhsil və elm tarixinin mühüm mərkəzlərindən biri olan Bakı Dövlət Universitetinin inkişafı kimi məsuliyyətli vəzifə dayanır. Universitetin zəngin akademik ənənələri, güclü professor-müəllim heyəti və elmi potensialı müasir idarəçilik imkanları ilə birləşdirilməlidir. Akademik açıqlığın təmin olunması, elmi rəqabət mühitinin gücləndirilməsi, istedadlı alimlərin universitetə cəlb edilməsi, tələbələrin müstəqil düşüncə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi BDU-nun beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edə bilər.

Zahid Oruc sonda bildirib ki, uzun illər Azərbaycan gənclərinin ali təhsil müəssisələrinə qəbulunda ədalət və bərabər imkanlar prinsipinin qorunmasına xidmət edən Məleykə Abbaszadədən bu prinsipləri universitet daxilində də yaşatmaq, gənclərin elmi və akademik inkişafı üçün yeni imkanlar yaratmaq gözlənilir. Deputat ona yeni vəzifəsində uğurlar arzulayıb.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın