Yasamaldakı dəhşətli yanğın məhkəməsində duyğusal anlar: “10 gün komada qaldım, şikayətçiyəm”

Bakının Yasamal rayonunda ötən il 3 nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı təqsirləndirilən “Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin məhkəməsində zərərçəkənlər şikayətçi olduqlarını bildiriblər.

Realist.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş və hadisə zamanı vəfat edən Könül Vəlibəylinin qızı, 2000-ci il təvəllüdlü Ləman Qulamova ifadə verib. O, hadisə baş verən zaman evdə olduğunu və birinci mərtəbəyə düşərkən huşunu itirdiyini deyib:

“Həmin zaman huşumu itirdim. Daha sonra baş verənlərdən xəbərim olmayıb. 10 gün komada qalmışam, 11 ay müalicə almışam. Vəziyyətim yaxşı deyil, sağalmamışam. Təqsirləndirilən şəxsdən şikayətçiyəm”.

Təqsirləndirilən Bəhruz Paşayev öz növbəsində zərərçəkmişdən üzr istəyərək, mənəvi peşmançılıq çəkdiyini vurğulayıb: “Məni də bu işdə aldadıblar. Özümü günahkar sayıram”. B. Paşayev zərərçəkmişdən onu bağışlamasını xahiş edib.

Prosesdə digər zərərçəkmiş Vüqar Babaxanov da dindirilib. O, yanğını 2 dəqiqə sonra hiss etdiklərini və FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq xəstəxanaya aparıldıqlarını bildirib.

Xatırladaq ki, faciəvi hadisə ötən ilin noyabr ayında baş verib. İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin yanğın təhlükəsizliyi qaydalarını pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin xəsarət almasına və mənzillərə ciddi maddi ziyan dəyməsinə səbəb olduğu müəyyən edilib.

Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın