Kiberhücum nəticəsində Fransanın “Intermarché” və “Super U” şəbəkələrinə məxsus 200-dən çox supermarketin soyutma sistemlərinin fəaliyyəti pozulub.
Fransa KİV-lərinin verdiyi məlumata görə, hakerlər avadanlıqların buzəritmə (defrost) rejimini aktivləşdirərək hədəf temperaturu 50°C həddinə qaldırıblar.
Baş vermiş sistem xətası səbəbindən bəzi mağazalar aşağı temperaturda saxlanılması tələb olunan xarabolan məhsulları, o cümlədən ət və dondurulmuş qidaları tullamaq məcburiyyətində qalıblar.
“Carrefour Market”, “Monoprix” və “E. Leclerc” kimi digər iri pərakəndə satış şəbəkələrinə də zərər dəyməsi barədə məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb. Bununla belə, Paris Prokurorluğu AFP agentliyinə bir neçə böyük ərzaq şəbəkəsinin soyuducu qurğularına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumla bağlı təhqiqatın başladığını təsdiqləyib.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

