Prezident İlham Əliyevin “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması haqqında fərmanı ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət qurumları arasında məlumat mübadiləsinin vahid sistem üzərindən təşkili bürokratik maneələrin aradan qaldırılmasına, inzibati xərclərin azaldılmasına və xidmətlərin daha operativ göstərilməsinə imkan yarada bilər.
Realist.az Milli Məclisin deputatı Mircəlil Qasımlıdan mövzu ilə bağlı fikirlərini öyrənib.
– Mircəlil müəllim, Prezident İlham Əliyevin “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması haqqında fərmanı Azərbaycanın rəqəmsal transformasiyasında hansı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər?
– Dövlət başçımızın bu fərmanı dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması baxımından Azərbaycanın rəqəmsal inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
– Dövlət qurumları arasında məlumat mübadiləsinin vahid sistem üzərindən təşkili idarəetmədə operativliyi artırmaqla yanaşı, bürokratik maneələrin və inzibati xərclərin azalmasına necə təsir göstərə bilər?
– Bu addım qərarların daha operativ qəbuluna, artıq sənədləşmənin və bürokratik əngəllərin aradan qaldırılmasına, dövlət vəsaitinə qənaət edilməsinə şərait yaradacaq. Ən əsası, vətəndaşlar vaxt itirmədən daha keyfiyyətli xidmətlərdən yararlana biləcəklər.
– Yeni sistemin tətbiqi vətəndaşlar və sahibkarlar üçün hansı konkret iqtisadi və praktiki üstünlüklər yarada bilər? Bu üstünlükləri hansı göstəricilərlə ölçmək mümkün olacaq?
– Bu sistem vətəndaşların və sahibkarların vaxtına və maliyyə vəsaitlərinə qənaət etməsinə, dövlət xidmətlərindən daha sürətli və rahat istifadə etməsinə şərait yaradacaq. Sistemin real nəticələrini müraciətlərə baxılma müddətinin qısalması, inzibati xərclərin azalması və vətəndaş məmnunluğunun artması kimi göstəricilər əsasında qiymətləndirmək mümkün olacaq.
– Dövlət informasiya sistemlərinin inteqrasiyası fonunda kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması məsələlərinin həlli üçün hansı texnoloji və institusional tədbirlər vacibdir?
– Bu zaman kibertəhlükəsizliyin gücləndirilməsi, şəxsi məlumatların şifrələnməsi, məlumatlara girişin ciddi nəzarətdə saxlanılması və aidiyyəti dövlət qurumları arasında koordinasiyanın artırılması vacibdir. Çünki rəqəmsal inkişafın əsas məqsədlərindən biri də vətəndaşların hüquqlarını və şəxsi məlumatlarının təhlükəsizliyini qorumaqdır.
– Rəqəmsal rabitə sisteminin gələcəkdə süni intellekt və digər müasir texnologiyalarla inteqrasiyası Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına hansı imkanları aça bilər?
– Hesab edirəm ki, rəqəmsal rabitə sisteminin gələcəkdə süni intellektlə inteqrasiyası dövlət idarəçiliyində daha çevik qərarların qəbuluna, sahibkarlıq üçün yeni imkanların yaranmasına, innovasiyaların inkişafına və ən əsası, Azərbaycanın rəqəmsal iqtisadiyyatının güclənməsinə mühüm töhfə verə bilər.
Şəlalə Camal
Realist.az
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
