Azərbaycanın milli maraqlara əsaslanan, müstəqil və çoxvektorlu xarici siyasəti ölkənin beynəlxalq əlaqələrinin şaxələndirilməsində, strateji tərəfdaşlıqlarının inkişafında və qlobal proseslərdə iştirakının genişlənməsində mühüm rol oynayır.
Realist.az xəbər verir ki, Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentdəki çıxışında Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq əməkdaşlıq əlaqələri və dialoq platforması kimi artan əhəmiyyəti barədə danışıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkənin xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha ortaya qoyub. Onun sözlərinə görə, Azərbaycan müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər qurur, eyni zamanda, qərarlarını müstəqil şəkildə qəbul edir.
R.Nəbiyev Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlığını, ABŞ-la strateji tərəfdaşlıq xartiyasının imzalanmasını və Avropa İttifaqına üzv ölkələrlə əlaqələrin inkişafını xarici siyasətin şaxələndirilməsinin mühüm nümunələri kimi qiymətləndirib. Qeyd edib ki, müxtəlif istiqamətlərdə qurulan əməkdaşlıq əlaqələri bir-birinə zidd deyil, əksinə, ölkənin beynəlxalq imkanlarını artırır.
Deputatın sözlərinə görə, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən amillərdən biri də fərqli mövqelərə malik tərəflər arasında dialoqun təşviqinə və təmasların qurulmasına şərait yaratmasıdır. Bu istiqamətdə coğrafi mövqe ilə yanaşı, siyasi etimad, tərəfdaşlarla etibarlı münasibətlər və müstəqil qərarvermə qabiliyyəti də xüsusi əhəmiyyət daşıyır.
R.Nəbiyev Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakının genişlənməsini də diqqətə çatdırıb. O bildirib ki, ölkəmizin 2024-cü ildə D-8 təşkilatına üzv olması, 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatında tamhüquqlu iştirakçı statusu qazanması, eləcə də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi Azərbaycanın regional və beynəlxalq əməkdaşlıqdakı mövqeyinin göstəriciləridir.
Deputat Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlığın da ölkənin çoxtərəfli diplomatiya imkanlarının genişlənməsinə töhfə verdiyini vurğulayıb. O, qarşıdakı illərdə Azərbaycanın bir sıra beynəlxalq platformalarda üzərinə götürəcəyi vəzifələrin əhəmiyyətinə toxunub. Bildirib ki, 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına sədrliyin, İƏT-in XVI Zirvə görüşünə ev sahibliyinin, 2028-ci ildə isə MDB-yə sədrliyin nəzərdə tutulması ölkənin beynəlxalq gündəlikdəki mövqeyini daha da önə çıxarır.
R.Nəbiyev 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsinin də vacibliyini qeyd edib. Onun fikrincə, bu cür tədbirlər müxtəlif siyasi və iqtisadi məkanlar arasında dialoqun inkişafına, eləcə də yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Deputat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda yaranmış yeni reallıqlara da toxunub. Bildirib ki, hazırda əsas vəzifələrdən biri əldə olunan nəticələri dayanıqlı sülhə, regional sabitliyə, iqtisadi inteqrasiyaya və qarşılıqlı etimada çevirməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüslərinin regional münasibətlərin gələcəyi üçün əhəmiyyət daşıdığı vurğulanıb.
R.Nəbiyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc kimi mövqeyinin möhkəmlənməsindən danışarkən iqtisadi müstəqillik, suveren qərarvermə, milli maraqların qorunması və qlobal proseslərə təsir imkanlarını əsas amillər kimi göstərib. Onun fikrincə, müstəqil xarici siyasət, regional sülh təşəbbüsləri və genişlənən strateji tərəfdaşlıqlar Azərbaycanın beynəlxalq arenadakı rolunu artırır.
Deputat qeyd edib ki, qarşıdakı dövrdə ölkənin başlıca hədəfləri milli maraqlara uyğun beynəlxalq əlaqələri genişləndirmək, regional və qlobal məsələlərin müzakirəsində iştirakını gücləndirmək, eləcə də etibarlı tərəfdaş və dialoq məkanı kimi mövqeyini möhkəmləndirməkdən ibarətdir.
Şəlalə Camal
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
