Ümumtəhsil müəssisələrində geyim tələbləri təkcə xarici görünüşlə bağlı məsələ deyil. Bu qaydalar məktəbdə nizam-intizamın qorunması, peşə məsuliyyətinin təşviqi və şagirdlərlə müəllimlər arasında qarşılıqlı hörmətə əsaslanan mühitin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Könül Nurullayeva bu barədə Realist.az- açıqlamasında danışıb. O bildirib ki, məktəblərdə geyim məsələsinə təhsil müəssisəsinin pedaqoji və ictimai funksiyası, dünyəvi təhsil prinsipləri və müəyyən edilmiş normalar nəzərə alınmaqla yanaşılmalıdır.

Deputatın sözlərinə görə, müəllim yalnız bilik verən şəxs deyil, həm də şagirdlərin davranışlarına təsir göstərən nümunədir. Onun peşəkarlığı, ünsiyyət mədəniyyəti, davranışı və xarici görünüşü məktəbdəki ümumi mühitin formalaşmasında rol oynayır. Buna görə də şəxsi seçimlərlə peşə fəaliyyətinin tələbləri arasında tarazlığın gözlənilməsi vacibdir.

K.Nurullayeva vahid məktəbli formasının da ümumi təhsil mühitinin formalaşdırılmasında rolunu qeyd edib. O vurğulayıb ki, müəyyən edilmiş geyim normalarına əməl edilməsi şagirdlərdə məsuliyyət və intizam vərdişlərinin inkişafına kömək edə bilər.

Deputat diqqətə çatdırıb ki, dünyəvi təhsil prinsipi bütün şagirdlər üçün ümumi təhsil standartlarının və ortaq məktəb mühitinin təmin edilməsini nəzərdə tutur. Bu baxımdan, məktəblərdə geyim mədəniyyəti müəyyən olunmuş qaydalar, peşə məsuliyyəti və qarşılıqlı hörmət əsasında formalaşmalıdır.

K.Nurullayeva xatırladıb ki, dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Onun bildirdiyinə görə, 2026-cı ilin sentyabrında qaydalara dəyişiklik edilib və müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən digər geyim elementləri ilə bağlı məhdudiyyətlər müəyyənləşdirilib.

Deputat əlavə edib ki, məsələnin mahiyyəti dini inanclara münasibətlə deyil, təhsil müəssisələrində qüvvədə olan qaydalara əməl olunması və vahid təhsil mühitinin qorunması ilə bağlıdır.

Şəlalə Camal

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın