Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin inkişafı və regional təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsi baxımından yeni perspektivlər açır.
Milli Məclisin deputatı Samir Vəliyev Realist.az- a açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi dostluq və qardaşlıq əlaqələrinin siyasi-hüquqi əsaslarını möhkəmləndirir.
Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında 2022-ci ildə Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ilə inkişaf edən əməkdaşlıq sonrakı dövrdə yeni məzmun qazanıb. Müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi isə dövlətlərarası əlaqələrin daha sistemli şəkildə inkişafı üçün əlavə imkanlar yaradır.
Deputat qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində siyasi məsləhətləşmələrin genişləndirilməsi, hökumətlərarası və parlamentlərarası əlaqələrin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin uzlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bununla belə, əldə olunan razılaşmaların səmərəsi onların praktik müstəvidə həyata keçirilməsindən və konkret nəticələr verməsindən asılıdır.
S.Vəliyev müasir dövrdə təhlükəsizlik məsələlərinin yalnız hərbi və sərhəd mühafizəsi ilə məhdudlaşmadığını vurğulayıb. Bildirib ki, dövlət informasiya sistemlərinin, maliyyə əməliyyatlarının, enerji və nəqliyyat infrastrukturunun kiberhücumlardan qorunması milli təhlükəsizliyin mühüm istiqamətlərindəndir.
Onun fikrincə, Azərbaycan və Qırğızıstan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi təhdidlər barədə məlumat mübadiləsinin gücləndirilməsinə, mütəxəssislərin təcrübə paylaşmasına və mümkün hücumların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin əlaqələndirilməsinə kömək edə bilər. Birgə təlimlərin təşkili və insidentlərə çevik reaksiya mexanizmlərinin təkmilləşdirilməsi də bu baxımdan əhəmiyyətlidir.
Deputat Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın regional sabitliyin möhkəmləndirilməsi üçün geniş potensiala malik olduğunu bildirib. Qeyd edib ki, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və kibercinayətkarlıq kimi sərhədlərarası təhdidlərə qarşı mübarizədə dövlətlər arasında əlaqələndirilmiş fəaliyyət vacibdir.
S.Vəliyevin sözlərinə görə, regional təhlükəsizliyin təmin olunması ilə yanaşı, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat marşrutlarının şaxələndirilməsi, enerji əməkdaşlığının inkişafı və ərzaq təhlükəsizliyi sahəsində birgə təşəbbüslər də prioritet istiqamətlər sırasındadır. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi dialoqun gücləndirilməsi və beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında əməkdaşlığın inkişafı regional sabitliyə töhfə verə bilər.
İqtisadi münasibətlərə toxunan deputat Azərbaycan və Qırğızıstan arasında nəqliyyat, enerji və investisiya sahələrində əməkdaşlığın Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsi üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycanın Xəzər dənizi üzərindən keçən nəqliyyat əlaqələrindəki mövqeyi ilə Qırğızıstanın Mərkəzi Asiyadakı iqtisadi imkanlarının əlaqələndirilməsi Şərq-Qərb istiqamətində yükdaşımaların inkişafına müsbət təsir göstərə bilər. Bunun üçün gömrük prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid proseslərinin sürətləndirilməsi, daşınma xərclərinin azaldılması və rəqəmsal həllərin tətbiqi vacibdir.
S.Vəliyev enerji sahəsində əməkdaşlığın neft məhsullarının təchizatı, enerji bazarları üzrə məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran layihələrin araşdırılması üçün zəmin yaratdığını vurğulayıb. O, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun imkanlarının genişləndirilməsinin də sahibkarlığın maliyyələşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiyaların təşviqi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Deputatın fikrincə, sənaye, kənd təsərrüfatı, emal, turizm və rəqəmsal xidmətlər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilə biləcəyi perspektivli sahələrdir. Bununla yanaşı, imzalanan razılaşmaların real səmərəsi ticarət dövriyyəsinin artması, yeni investisiyaların cəlb edilməsi, birgə müəssisələrin yaradılması və logistika xərclərinin azalması kimi göstəricilərlə qiymətləndirilməlidir.
S.Vəliyev Qırğızıstanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasına verdiyi dəstəyin də iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, bu cür təşəbbüslər dövlətlərarası münasibətlərin siyasi dialoqla yanaşı, humanitar və sosial əməkdaşlıq vasitəsilə də inkişaf etdiyini göstərir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin davamlı nəticələr verməsi üçün infrastrukturun qurulması ilə yanaşı, təhsil, səhiyyə, məşğulluq və iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsi də vacibdir. Bu sahələrdə təcrübə mübadiləsi və birgə təşəbbüslər Azərbaycan-Qırğızıstan münasibətlərinin humanitar istiqamətini daha da gücləndirə bilər.
Deputat gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi parlamentlərarası əlaqələrin inkişafını da göstərib. O qeyd edib ki, parlamentlər arasında müntəzəm dialoqun genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi və qanunvericilik sahəsində təcrübə mübadiləsi ikitərəfli münasibətlərin institusional əsaslarını möhkəmləndirə bilər.
S.Vəliyev əlavə edib ki, təhlükəsizlik sahəsində mütəxəssis hazırlığı, kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsi, Orta Dəhliz üzrə daşımaların səmərəliliyinin artırılması, tələbə mübadiləsi və birgə mədəni layihələr də qarşıdakı dövrdə əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamətlərdir.
Deputatın qənaətinə görə, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin uzunmüddətli uğuru əldə olunmuş razılaşmaların nə dərəcədə səmərəli icra edilməsindən asılı olacaq. Siyasi iradənin konkret iqtisadi və sosial nəticələrlə möhkəmləndirilməsi, təhlükəsizlik sahəsində əlaqələrin inkişafı və xalqlar arasında münasibətlərin genişləndirilməsi iki ölkənin tərəfdaşlığını daha da gücləndirə bilər.
Şəlalə Camal
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
