Fransadan sonra İtaliyada da bahalaşmaya, yanacaq qiymətlərinə və vergilərə qarşı başlayan etiraz aksiyaları kütləvi iğtişaşlara çevrilib.
Avropada sosial-iqtisadi narazılıqlar səbəbindən küçələr yenidən qarışıb. İtaliyanın Milan şəhərində qara geyimli gənclər hüquq-mühafizə orqanlarının əməkdaşlarına əldəqayırma yandırıcı qurğular, metal hasarlar və şüşə butulkalar atıblar.
Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etsə də, sonradan geri çəkilməyə məcbur olublar. Bundan istifadə edən etirazçılar şəhərin əsas meydanını nəzarətə götürüblər.
197 nəfər saxlanılıb, 141 polis yaralanıb
“Sky TG24” telekanalının yaydığı son məlumata görə, Berqamo, Bolonya, Milan və Turin şəhərlərində baş verən şiddətli toqquşmalar zamanı 197 nəfər saxlanılıb. Saxlanılanlar arasında 12 yetkinlik yaşına çatmayan şəxs və 6 əcnəbi vətəndaş da var.
Toqquşmalar nəticəsində 141 polis əməkdaşının xəsarət aldığı bildirilir.
Baş nazir Corcia Melonidən sərt reaksiya
İtaliyanın Baş naziri Corcia Meloni ölkəni bürüyən iğtişaşları kəskin pisləyib:
“Nümayişlər keçirmək hər bir vətəndaşın hüququdur, lakin şəhərləri yandırmaq hüququ heç kimə verilməyib”, — deyə Baş nazir vurğulayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
