8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının müasir tarixində müstəsna yer tutan, milli qürurumuzu, dövlətçilik iradəmizi və gələcəyə inamımızı təcəssüm etdirən əlamətdar tarixdir. Bu gün yalnız hərbi Qələbənin deyil, həm də xalqımızın uzun illər ərzində qoruyub saxladığı haqq və ədalət uğrunda mübarizənin təntənəsidir.

Milli Məclisin deputatı Mircəlil Qasımlı bu fikirləri 8 Noyabr – Zəfər Günü münasibətilə Realist.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Azərbaycanın qazandığı tarixi Qələbə təsadüfi hadisə deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü siyasi iradənin və milli həmrəyliyin məntiqi nəticəsidir.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının əhəmiyyətli dərəcədə güclənməsini təmin edib. Məhz bu möhkəm təməl üzərində formalaşan qüdrətli Azərbaycan dövləti 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə edib.

M.Qasımlı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın onilliklər boyu gözlədiyi Qələbəni gerçəkləşdirib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının ən çətin məqamlarda belə milli maraqlar ətrafında birləşmək gücünü bütün dünyaya nümayiş etdirib. Bu birlik cəmiyyətin mənəvi gücünü və dövlətə olan inamını bir daha təsdiqləyib.

Onun sözlərinə görə, Zəfərin tarixi əhəmiyyəti yalnız döyüş meydanında əldə edilən nəticələrlə məhdudlaşmır. Bu Qələbə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə, regionda yeni siyasi reallıqların formalaşmasına və dövlətimizin suveren hüquqlarını təmin etməsinə də mühüm zəmin yaradıb.

M.Qasımlı diqqətə çatdırıb ki, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpası tarixi Qələbənin mühüm davamı olub. Bu gün Azərbaycan öz ərazisində suverenliyini tam təmin edən, müstəqil siyasət yürüdən və regional proseslərdə mühüm rol oynayan dövlətdir.

Deputat işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin də Zəfərin mühüm nəticələrindən biri olduğunu bildirib. Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələri, müasir yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın həmin ərazilərdə dayanıqlı həyatın bərpasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdiyini göstərir.

O, Zəfərin gələcək nəsillər qarşısında mühüm mənəvi məsuliyyət yaratdığını da vurğulayıb. Bildirib ki, gənclər müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün böyük fədakarlıqlar hesabına əldə olunduğunu bilməli, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi daim diqqətdə saxlanılmalıdır.

M.Qasımlının fikrincə, Azərbaycanın bugünkü inkişafı və gələcəyə yönəlmiş strateji hədəfləri tarixi Qələbənin yaratdığı imkanlarla sıx bağlıdır. Güclü dövlətçilik ənənələri, milli birlik və müstəqil siyasi iradə ölkənin gələcək uğurlarının əsas təminatıdır.

Deputat əlavə edib ki, tarixi Qələbə qazanmaq böyük şərəf olduğu kimi, onun dəyərlərini qorumaq və gələcək nəsillərə ötürmək də böyük məsuliyyətdir. Zəfərin hər səhifəsində şəhidlərin qanı, qazilərin fədakarlığı, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi dayanır.

Sonda deputat 8 Noyabr – Zəfər Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyini bildirib.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Zəfərimiz əbədi, dövlətimiz daim qüdrətli olsun!” – deyə M.Qasımlı əlavə edib.

Şəlalə Camal
Realist.az

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın