ABŞ-nin Avropadakı hərbi kontingenti Avropa liderlərinin ehtimal etdiyindən daha kiçik miqyaslı ixtisarlara məruz qala bilər.
Realist.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, hazırda Avropada təxminən 80 min amerikalı hərbçi yerləşdirilib. ABŞ-nin avropalı müttəfiqləri Vaşinqtonun regiondan təqribən 25 min hərbçini çıxaracağından ehtiyat edirdilər. Lakin son məlumatlara əsasən, indi Amerika kontingentinin yalnız 5 min nəfər azaldılması gözlənilir.
Qərarın iki əsas səbəbi: NATO-nun xərcləri və İranla münaqişə
Agentliyin yazdığına görə, Vaşinqtonun bu yumşalması ilk növbədə NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırması və bunun ABŞ tərəfindən müsbət qarşılanması ilə bağlıdır.
Bundan əlavə, Pentaqon rəhbərliyi İranla münaqişə şəraitində Avropadakı hərbi mövcudluğun strateji əhəmiyyətini dərk edib. “Bloomberg” izah edir ki, İslam Respublikasına qarşı hərbi əməliyyatların aparılması zamanı ABŞ Avropadakı hərbi bazalara və müttəfiqlərin hava məkanından istifadə imkanlarına güvənir.
Almaniyada ixtisar olacaq, şərq cinahı isə gücləndiriləcək
Məqalədə qeyd olunur ki, planlaşdırılan ixtisarlar ilk növbədə Almaniyanı əhatə edəcək, NATO-nun şərq cinahı isə əksinə, daha da gücləndiriləcək.
Məlumata görə, Pentaqonun rəhbəri Pit Heqset dekabrın 1-dək bu məsələ ilə bağlı yekun tövsiyələrini ABŞ Prezidenti Donald Trampa təqdim etməlidir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


