Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib.
Bu barədə Realist.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı yalnız 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında isə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.
Hansı pozuntular aşkarlanıb?
Yoxlamalar zamanı bir sıra obyektlərdə aşağıdakı ciddi nöqsanlar müəyyən olunub:
-
Sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmaması;
-
Müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edilməsi;
-
Toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etməməsi.
Menyuda gizlədilən camış əti və süni kürü
Eyni zamanda, baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunan obyektlər:
-
“Manisa” şadlıq sarayı;
-
“Meridian Luks” şadlıq sarayı;
-
“Mirana” şadlıq sarayı;
-
“Vegas City Hall” şadlıq sarayı;
-
“Sarı Gəlin” şadlıq sarayı;
-
“Stolovaya №8” iaşə müəssisəsi.
Əlavə olaraq, 4 şadlıq sarayında istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı aşkarlanıb:
-
“Çıraq Palace”;
-
“Meridian Luks”;
-
“Mirana”;
-
“İnci” şadlıq sarayları.
Qurumdan bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


