EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

2027-ci ilin dövlət büdcəsində sosial xərclər, pensiya və əməkhaqlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Gələn il sosial sahəyə 18,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin 44 faizini təşkil edir.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov “Aktual Xəbər”in suallarını cavablandırıb. 2027-ci ilin dövlət büdcəsi, pensiya və əməkhaqlarında gözlənilən artımlar, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı müsahibəni təqdim edirik:

– Vüqar müəllim, 2027-ci ilin dövlət büdcəsində sosial xərclər nəzərəçarpacaq yer tutur. Gələn il minimum əməkhaqqı və pensiyaların artırılması ilə bağlı hansı imkanlar mövcuddur?

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti ildən etibarən pensiya, müavinət və sosial təqaüdlərdə artımlar həyata keçiriləcək.

Əmək pensiyaları 2026-cı ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilib artırılacaq. Bununla yanaşı, növbəti ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi mexanizmi dəyişir. Orta aylıq əməkhaqqı məbləğinədək olan pensiyalar tam indeksləşdiriləcək. Yəni təxminən 1200 manatadək olan pensiyalar tam indeksləşdirilərək artırılacaq. 1200 manatdan 5000 manatadək olan pensiyalar 0,5, 5000 manatdan çox olan pensiyalar isə 0,2 əmsalına vurularaq artırılacaq.

Artımlar 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək və bütün növ əmək pensiyalarına şamil olunacaq. Həm yaşa, həm əlilliyə, həm də ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində gələn ildən etibarən artımlar olacaq.

Növbəti il minimum əməkhaqqında da artımlar proqnozlaşdırılır. Bununla bağlı dövlət başçısı tərəfindən göstəriş verilib. 2026-cı ilin fevral ayında Əmək Məcəlləsinə edilən dəyişikliklər Prezident tərəfindən təsdiqlənib. Həmin dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə baxılacaq. Bu isə o deməkdir ki, növbəti ildən etibarən hər il minimum əməkhaqqının artırılması məsələsi gündəmdə olacaq.

Minimum əməkhaqqındakı artımlar yalnız aşağı əməkhaqqı alan vətəndaşlarımıza deyil, eyni zamanda dövlət müəssisələrində çalışan, dövlət qulluqçusu olmayan və vahid tarif cədvəlinə uyğun olaraq vəzifə maaşları müəyyənləşdirilən şəxslərə də təsir göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı Prezident tərəfindən sənəd imzalandıqdan sonra Nazirlər Kabineti həmin vətəndaşların vəzifə maaşlarının uyğunlaşdırılması barədə qərar qəbul edəcək. Bu artımların təxminən 700 min vətəndaşımızı əhatə edəcəyi gözlənilir.

– İnflyasiya proqnozları fonunda maaş və pensiya artımlarının əhalinin real alıcılıq qabiliyyətini qoruması üçün hansı addımlar atılmalıdır?

– Sosial müavinətlərdə də artımlar gözlənilir. Həm sosial müavinətlərin, həm də təqaüdlərin artırılması və bununla bağlı büdcədə vəsaitin ayrılması nəzərdə tutulub.

Biz, təbii ki, yaşa görə sosial müavinətin də artırılmasını təklif edirik. Nəzərə alsaq ki, hazırda 220 manat olan yaşa görə sosial müavinət 2025-ci ildə sosial müavinətlər artırılan zaman dəyişdirilmədi, ötən dövrdəki inflyasiya səviyyəsini nəzərə almaqla bu müavinətin də artırılması məqsədəuyğundur. Bununla bağlı profil dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarların veriləcəyi gözlənilir.

– Büdcə xərclərinin artmasının vətəndaşların gündəlik həyatında hiss olunması baxımından 2027-ci ildə əhalini hansı əsas müsbət dəyişikliklər gözləyə bilər?

– Bütövlükdə sosial müavinətlərdəki artımlar daxil olmaqla, növbəti ilin sosial paketi 3 milyon vətəndaşımızı əhatə edəcək. Gələn il dövlət büdcəsindən sosial istiqamətə 18,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da 2027-ci ildə büdcə xərclərinin 44 faizini təşkil edir.

Bu o deməkdir ki, 2027-ci ildə büdcədən ayrılan hər 100 manatın 44 manatı sosial istiqamətə yönəldiləcək.

Şəlalə Camal
Aktual Xəbər

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın