ABŞ və Çin arasında strateji rəqabətin süni intellekt, yüksək texnologiyalar və hərbi sənaye sahələrinə keçməsi yeni dünya nizamının formalaşmasına təsir göstərən əsas amillərdəndir. Böyük dövlətlər arasında artan rəqabət fonunda Azərbaycanın milli maraqlarını qoruması, müstəqil xarici siyasətini davam etdirməsi və strateji mövqeyini gücləndirməsi xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Milli Məclisin deputatı Rövşən Muradov Realist.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, ABŞ və Çin arasındakı qarşıdurmanın mərkəzində təkcə texnoloji liderlik deyil, həm də gələcək dünya nizamının siyasi və iqtisadi qaydalarının müəyyənləşdirilməsində həlledici mövqe qazanmaq dayanır. Vaşinqton texnoloji üstünlüyünü və mövcud müttəfiqlik sistemini qorumağa, Pekin isə iqtisadi qüdrətini daha geniş siyasi və strateji təsir imkanlarına çevirməyə çalışır.
R.Muradov qeyd edib ki, bu rəqabətin beynəlxalq təhlükəsizlik üçün yaratdığı əsas risk iqtisadi qarşılıqlı asılılığın hərbi-strateji qarşıdurma ilə paralel şəkildə dərinləşməsidir. Süni intellektin hərbi qərarvermə sistemlərinə inteqrasiyası, kiberməkan imkanlarının genişlənməsi və kosmik infrastrukturun strateji əhəmiyyətinin artması ənənəvi təhlükəsizlik mexanizmlərini daha da mürəkkəbləşdirir.
Deputatın fikrincə, xüsusilə Tayvan boğazında yarana biləcək böhran regional təhlükəsizlik çərçivəsindən kənara çıxaraq qlobal istehsal zəncirlərinə və böyük dövlətlər arasındakı münasibətlərə ciddi təsir göstərə bilər. Cənubi Çin dənizində isə hərbi mövcudluq və beynəlxalq ticarət marşrutlarına nəzarət uğrunda maraqlar toqquşur.
Bununla belə, R.Muradov hesab edir ki, ABŞ və Çin arasında rəqabətin mütləq hərbi münaqişəyə çevriləcəyini düşünmək düzgün yanaşma deyil. Çünki hər iki dövlət mümkün qarşıdurmanın iqtisadi və strateji nəticələrinin ağırlığını dərk edir.
Azərbaycanın bu proseslərə münasibətinə toxunan deputat bildirib ki, ölkəmizin mövqeyi ilk növbədə milli təhlükəsizlik, dövlət suverenliyi və müstəqil xarici siyasət prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasət nəticəsində Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlıq, ABŞ-la isə strateji tərəfdaşlıq münasibətlərinin formalaşması mühüm diplomatik üstünlükdür.
Onun sözlərinə görə, bu münasibətlər Azərbaycan üçün böyük güclər arasında seçim etmək zərurəti yaratmaq əvəzinə, müxtəlif istiqamətlərdə milli maraqlara uyğun əməkdaşlıq imkanları açır.
R.Muradov vurğulayıb ki, qlobal güc balansının dəyişdiyi bir şəraitdə Azərbaycanın əsas vəzifəsi strateji manevr imkanlarını qorumaq, iqtisadi və texnoloji asılılıq risklərini azaltmaq, Orta Dəhlizin beynəlxalq əhəmiyyətini artırmaq və regional təhlükəsizliyin formalaşmasında fəal mövqeyini davam etdirməkdir.
Deputat əlavə edib ki, böyük dövlətlər arasındakı rəqabət şəraitində kiçik və orta dövlətlərin siyasi dayanıqlığını müəyyən edən əsas amil onların müstəqil qərarvermə qabiliyyətidir. Azərbaycanın milli maraqlarını qlobal rəqabətin fövqündə tutması siyasi uzaqgörənliyin və strateji müstəqilliyin mühüm göstəricisidir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


