EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

ABŞ-ın Manhetten bölgəsində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağının erməni təşkilatının təşəbbüsü ilə endirilməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Realist.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin bəyanatında qeyd olunub ki, Azərbaycanın Qarabağda qazandığı tarixi Zəfər ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə yanaşı, beynəlxalq münasibətlər sistemində yeni reallıqların formalaşması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Bildirilib ki, ABŞ-da yaşayan azərbaycanlılar hər il 8 Noyabr – Zəfər Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə müxtəlif ştatlardakı inzibati və ictimai mərkəzlərin qarşısında Azərbaycan bayrağının qaldırılması mərasimlərini təşkil edirlər. Eyni zamanda, Times Square meydanında yerləşən çoxmərtəbəli binaların iri LED ekranlarında Azərbaycanın tarixi Qələbəsinə həsr olunan videoçarxlar və posterlər nümayiş etdirilir.

Komitənin məlumatına görə, erməni diasporunun bu təşəbbüslərə qarşı çıxmasına baxmayaraq, ABŞ-da fəaliyyət göstərən Azərbaycan icması bu il də bayraq qaldırma mərasimlərini həyata keçirib.

Bəyanatda vurğulanıb ki, bəzi erməni mənbələri Manhettendə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qaldırılan Azərbaycan bayrağının guya Amerikanın Erməni Milli Komitəsinin (ANCA) təşəbbüsü ilə endirildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Lakin bu iddianı təsdiqləyən mötəbər sübut və ya müvafiq qərarın hansı qurum tərəfindən, hansı hüquqi əsasla qəbul edildiyinə dair məlumat təqdim olunmayıb.

Qeyd edilib ki, bayrağın qaldırıldığı məkanda dalğalanma müddəti adətən bir həftə təşkil edir. Azərbaycan bayrağı da müəyyən edilmiş qaydalara uyğun olaraq yeddi gün ərzində həmin məkanda dalğalanıb. Komitə erməni təşkilatlarının bu prosesə təsir göstərməsi barədə iddiaları əsassız hesab edib.

Bəyanatda, həmçinin ABŞ dövlət rəsmilərinin adlarının dezinformasiya xarakterli məlumatlarda hallandırılmasına diqqət çəkilib. Bildirilib ki, dövlət rəsmilərinin mövqeyinin təhrif olunması və adlarından manipulyasiya məqsədilə istifadə edilməsi ictimai rəyin yanlış istiqamətə yönəldilməsinə səbəb ola bilər və ciddi hüquqi məsuliyyət yaradır.

Komitə hesab edir ki, Azərbaycan bayrağının nümayişi ətrafında süni qalmaqal yaradılması cəhdləri erməni diasporunun uğursuz təbliğat fəaliyyətini ört-basdır etmək və maliyyə dəstəyini qorumaq məqsədi daşıyır.

Bəyanatın sonunda cəmiyyətə dezinformasiyalara inanmamaq, media nümayəndələrinə isə xaricdəki Azərbaycan icmalarının fəaliyyəti ilə bağlı erməni mənbələrində yayılan məlumatlara münasibətdə diqqətli olmaq tövsiyə edilib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın