EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan Prezidentinin Vyetnama səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı ola bilər. Səfər siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Realist.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Vyetnamla həm ikitərəfli, həm də çoxtərəfli formatda strateji əməkdaşlıq əlaqələri qurub. Dövlət başçısının da vurğuladığı kimi, iki ölkə arasında iqtisadi-ticari münasibətlər ardıcıl şəkildə inkişaf edir.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153 milyon dollar təşkil edib. Bunun 152 milyon dolları Vyetnamdan idxalın payına düşüb. 2026-cı ilin ilk doqquz ayında isə iki ölkə arasında ticarət dövriyyəsi 136 milyon dolları ötüb. Bu dövrdə də ticarət dövriyyəsində əsas pay Vyetnamdan idxalın üzərinə düşüb.

V.Bayramov bildirib ki, mövcud göstəricilər Azərbaycanın Vyetnama ixrac imkanlarının genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu göstərir. Coğrafi baxımdan fərqli regionlarda yerləşmələrinə baxmayaraq, Vyetnam Azərbaycanın qeyri-neft məhsulları üçün mühüm ixrac bazarlarından birinə çevrilə bilər.

Deputat diqqətə çatdırıb ki, Vyetnamla iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq imkanları genişdir. Xüsusilə enerji sahəsində Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında ötən il imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının birgə kəşfiyyatı və işlənilməsi üçün yeni imkanlar yaradır.

O əlavə edib ki, hazırda bərpa olunan enerji sektoru da daxil olmaqla, enerji sahəsində Azərbaycanda yeddi Vyetnam şirkəti fəaliyyət göstərir.

V.Bayramovun fikrincə, nəqliyyat və yükdaşımalar, texnologiyaların transferi, eləcə də innovativ sahələr iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamətlərdir. Bu sahələrdə əlaqələrin inkişafı iqtisadi tərəfdaşlığın daha da şaxələndirilməsinə və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın