EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycanla Vyetnam arasında münasibətlər tarixi etimad və dostluq ənənələri üzərində qurulsa da, hazırda əməkdaşlıq yeni və çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin mövcud vəziyyətini, eləcə də reallaşdırılmamış potensialı bir daha diqqətə çatdırır.

Milli Məclisin deputatı Kamal Cəfərov Realist.az-a müsahibəsində bildirib ki, Bakı ilə Hanoy arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qarşılıqlı maraqların daha səmərəli reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Deputatın sözlərinə görə, tarixi təmaslar və qarşılıqlı səfərlər nəticəsində formalaşan siyasi etimad bu gün iqtisadi və institusional əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə keçməsi tərəflərin gələcək illər üçün daha geniş hədəflər müəyyənləşdirdiyini göstərir.

O qeyd edib ki, ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, müdafiə, rəqəmsal təhlükəsizlik və yüksək texnologiyalar kimi istiqamətlərin də gündəmə gəlməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Kamal Cəfərov iqtisadi sahədə atılan addımların mövcud potensialın reallaşdırılmasına xidmət etdiyini vurğulayıb. Bildirib ki, biznes dairələrinin fəallığının artması da bu istiqamətdə yeni imkanların yarandığını göstərir.

Deputatın fikrincə, iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsi tərəflərin real imkanlarını tam əks etdirmir. Bununla belə, artım meyilləri iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğunu təsdiqləyir. Xarici şirkətlərin Azərbaycanın iqtisadi mühitinə, xüsusilə infrastruktur və yaşıl enerji sahələrinə maraq göstərməsi isə ölkəmizə olan etimadın göstəricisidir.

Kamal Cəfərov humanitar, mədəni və təhsil əlaqələrinin də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, cəmiyyətlər arasında yaxınlaşma dövlətlərarası əməkdaşlığı tamamlayır və tərəfdaşlığın daha dayanıqlı olmasına şərait yaradır.

Deputat qeyd edib ki, təhsil sahəsində mövcud tarixi ənənələrin müasir proqramlarla davam etdirilməsi gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Mədəniyyət və incəsənət sahəsində həyata keçirilən təşəbbüslər xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Çətin anlarda nümayiş etdirilən qarşılıqlı həmrəylik isə münasibətlərin səmimiliyini və etibarlılığını təsdiqləyir.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın