
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binalarında yanğın zamanı görüləcək tədbirlərin yoxlanılması məqsədilə şərti təlim təşkil olunub.
Realist.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Gəncə prospekti, 62 ünvanında keçirilən təlim Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə baş tutub.
Təlim çərçivəsində yanğınsöndürmə avtomobillərinin yaşayış binalarına və ərazidəki su hovuzuna yaxınlaşma imkanları, eləcə də mümkün yanğın zamanı əməliyyat şəraiti qiymətləndirilib.
Yoxlamalar zamanı şəxsi avtomobillərin nizamsız park edilməsi və yaradılmış süni maneələr səbəbindən yanğın avtomobillərinin binalara və istismara yararlı su hovuzuna sərbəst yaxınlaşmasının mümkün olmadığı müəyyənləşdirilib. Həmçinin döyüş açılışının həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmadığı üzə çıxıb.
Bununla yanaşı, binalarda qəza işıqlandırma sisteminin mövcud olmadığı, ilkin yanğınsöndürmə vasitələrinin tam təmin edilmədiyi, elektrik təsərrüfatının təhlükəsizlik tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı aşkarlanıb.
Müəyyən edilən çatışmazlıqların aradan qaldırılması məqsədilə binaların yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə şifahi və yazılı göstərişlər verilib. Eyni zamanda, sakinlərlə yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirici söhbətlər aparılıb.
Nazirlik bir daha diqqətə çatdırıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, eləcə də digər iriqabaritli xüsusi təyinatlı texnikaların bina həyətlərinə maneəsiz daxil olması və əməliyyatların operativ həyata keçirilməsi üçün nəqliyyat vasitələri yalnız ayrılmış yerlərdə saxlanılmalıdır. Həmçinin avtomobillər arasında zəruri məsafə qorunmalı, digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə imkan verən keçidlər açıq saxlanılmalıdır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


