EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Bakıda narkotik asılılığı olan şəxslərə güclü təsiredici dərman preparatlarının qanunsuz satışı ilə məşğul olan şəxslərə qarşı polis əməliyyatı keçirilib.

Realist.az-a bu barədə Daxili İşlər Nazirliyindən (DİN) istinadən məlumat verilib.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Xətai rayonunda keçirdikləri əməliyyat nəticəsində əvvəllər analoji əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev saxlanılıb.

Müəyyən edilib ki, o, özünə məxsus “Vidal” aptekdə güclü təsiredici dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz şəkildə satıb. Aptekə baxış zamanı İran İslam Respublikasında istehsal olunaraq qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik tərkibli “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq dərman preparatlarının qanunsuz dövriyyəsində iştirak edən daha altı nəfər – 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da saxlanılıblar. Onların üzərindən və olduqları yerlərdən “Pregabalin” həbləri aşkar edilib.

Araşdırma zamanı Tural Əliyevin narkotik asılılığı olan Orxan Kəngərli və istintaqla şəxsiyyətləri müəyyənləşdirilən digər şəxsləri Xalid Mustafayevlə əlaqələndirdiyi məlum olub. Həmin şəxslər müxtəlif vaxtlarda aptekdən yalnız xüsusi resept əsasında satılmalı olan “Pregabalin” və digər psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda dərmanların pulunun Tural Əliyevin bank kartına köçürüldüyü, daha sonra isə Xalid Mustafayevə çatdırıldığı müəyyən edilib.

İstintaq materiallarına əsasən, Orxan Kəngərli əldə etdiyi güclü təsiredici həblərin bir hissəsini şəxsi istifadəsi üçün saxlayıb, digər hissəsini isə tanışları Elşad Aslanlıya və Pərviz İsmayılova satıb. O, satış məqsədilə həblərin gizlədildiyi yerin ünvanını qohumu Murad Həsənov vasitəsilə Elşad Aslanlıya göndərib.

Bundan başqa, Orxan Kəngərlinin digər qohumu Tural Ağayevlə güclü təsiredici preparatların istifadəsi barədə danışıqları, eləcə də bu maddələri “liri”, “lirik” və “lirika” kimi şərti adlarla əldə etməsi texniki sübutlarla təsdiqlənib.

Faktla bağlı Orxan Kəngərli və Xalid Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Digər şəxslərlə bağlı hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın