Bakıda fəaliyyət göstərən “By Fateh Gənclik” restoranında AQTA tərəfindən aparılan yoxlama zamanı bir sıra qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.
Realist.az AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən xəbər verir ki, Agentliyin əməkdaşları Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən restoranda plandankənar nəzarət tədbiri keçiriblər.
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu və antisanitar vəziyyətin hökm sürdüyü aşkarlanıb.
Həmçinin restoranda istehlaka təqdim olunan ət məhsullarının müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib.
Bundan başqa, yararlılıq müddəti bitmiş alkoqolsuz içkilər və qida məhsulları da aşkar olunub.
Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, çatışmazlıqlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Laborator müayinələrin aparılması məqsədilə restorandakı ət məhsullarından nümunələr götürülüb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


