Yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etmək yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas risklərdəndir.
Realist.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək onları səhhətlərində problem, yorğunluq və yuxusuzluq olduğu halda sükan arxasına keçməməyə çağırıb.
Bildirilib ki, demək olar, hər gün qeydə alınan toqquşma, aşma və maneəyə çırpılma hadisələrinin təhlili bəzi sürücülərin istirahət etmədən nəqliyyat vasitəsini idarə etdiyini göstərir. Xüsusilə iş və istirahət rejiminə əməl etməyən, uzun müddət fasiləsiz avtomobil idarə etdikdən sonra yenidən sükan arxasına əyləşən şəxslər həm özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradırlar.
Qeyd olunub ki, bu cür hallar xüsusilə sərnişin və yük daşımaları ilə məşğul olan sürücülər arasında müşahidə edilir. Nəticədə ağır, bəzən isə geri dönüşü olmayan itkilər baş verir.
BDYPİ sürücülərə səhhətlərinin və fiziki vəziyyətlərinin avtomobil idarə etməyə imkan vermədiyi hallarda səfərə çıxmamağı, uzaq məsafələr qət edərkən mütləq fasilələr verməyi tövsiyə edib. Həmçinin sürücülərə avtomobillərini təhlükəsiz yerdə saxlayaraq qısa müddət də olsa istirahət etmələri tövsiyə olunub.
İdarə bir daha xatırladıb ki, sükan arxasında yuxulamaq sürücünün həyatını və digər insanların təhlükəsizliyini ciddi risk altına qoyur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


