25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın tarixinə ərazi bütövlüyünün bərpası, milli iradənin və dövlətçilik əzminin təntənəsi kimi daxil olub. Kəlbəcərin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm mərhələlərindən biridir.
Milli Məclisin komitə sədri Hicran Hüseynova Realist.az-a açıqlamasında bildirib ki, Kəlbəcərin azad olunması yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın tarixi torpaqlarına qayıdışının, milli-mənəvi dəyərlərimizin qorunmasının mühüm göstəricisidir.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğal altında olan torpaqlarımıza qayıdışa böyük inam ifadə edir, Kəlbəcərin təbiətinin, tarixi və mədəni irsinin Azərbaycan xalqı üçün əvəzsiz olduğunu vurğulayırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu arzular reallığa çevrilib. Bu gün Azərbaycanın üçrəngli bayrağı azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalanır, doğma yurdlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.
Komitə sədri diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması Üçtərəfli Bəyanatın icrası nəticəsində mümkün olub. Bəyanata əsasən, rayonun noyabrın 15-də təhvil verilməsi nəzərdə tutulsa da, Ermənistan tərəfinin müraciəti və əlavə vaxt istəyindən sonra Azərbaycanın humanizm prinsiplərinə sadiq qalaraq müddətin noyabrın 25-dək uzadılmasına razılıq verməsi ilə proses başa çatıb.
Hicran Hüseynova bildirib ki, Kəlbəcərin boşaldılması zamanı evlərin və digər mülki obyektlərin yandırılması, təbiətə ziyan vurulması erməni vandalizminin növbəti təzahürü idi. Təxminən 30 il davam edən işğal dövründə rayonun tarixi-mədəni irsinə, sosial infrastrukturuna və yaşayış məntəqələrinə ciddi ziyan vurulub. İşğal nəticəsində yüzlərlə insan həlak olub, əsir və itkin düşüb, Kəlbəcər sakinləri doğma yurdlarından didərgin salınıb.
Onun sözlərinə görə, Kəlbəcər zəngin tarixi və mədəni irsi ilə seçilən qədim Azərbaycan torpağıdır. Xudavəng monastır kompleksi, digər alban abidələri, eləcə də müxtəlif ərazilərdəki qayaüstü təsvirlər bölgənin qədim tarixinin mühüm nümunələridir. Bu abidələrin qorunması və bərpası Azərbaycanın mədəni irs siyasətinin əsas istiqamətlərindəndir.
Komitə sədri vurğulayıb ki, işğaldan azad edildikdən sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq layihələrinə başlanılıb. Rayonda elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə bir sıra kiçik su elektrik stansiyaları və yarımstansiyalar istifadəyə verilib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun, tunellərin, yaşayış komplekslərinin, sosial və təhsil infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
Hicran Hüseynova qeyd edib ki, Kəlbəcərin gələcək inkişafında turizm potensialının reallaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bölgənin füsunkar təbiəti, mineral su ehtiyatları, zəngin tarixi irsi və əlverişli turizm imkanları onun iqtisadi inkişafına töhfə verəcək.
O əlavə edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcərə səfərləri, burada aparılan tikinti və bərpa işləri ilə tanış olmaları, sakinlərlə görüşləri Böyük Qayıdış prosesinə verilən xüsusi diqqətin göstəricisidir. Artıq doğma yurdlarına qayıdan ailələr üçün yaşayış şəraiti yaradılır, şəhərin 2040-cı ilədək inkişafına dair Baş plana uyğun olaraq quruculuq işləri davam etdirilir.
Komitə sədri bildirib ki, 25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımız üçün həm tarixi Zəfərin, həm də doğma torpaqlarda yeni həyatın başlanğıcının rəmzidir:
“Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan xalqının qürurunu və azadlıq mücadiləsini simvolizə edir. Kəlbəcər şəhəri günü təkcə rayonun işğaldan azad olunma tarixi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin siyasi və iqtisadi qüdrətinin göstəricisidir. Kəlbəcəri xalqımıza, kəlbəcərlilərə qaytaran Müzəffər Ali Baş Komandana minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, veteranlarımıza və əsgərlərimizə möhkəm cansağlığı versin. Kəlbəcər Azərbaycanın tarixi ərazisidir və əbədi olaraq bizə məxsusdur”.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


