EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Beynəlxalq iqtisadi münasibətlərdə baş verən dəyişikliklər enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinə çıxış və təchizat zəncirlərinin etibarlılığını dövlətlərin iqtisadi siyasətində əsas prioritetlərdən birinə çevirib. Geosiyasi qeyri-müəyyənliyin artdığı və dünya ticarətində ənənəvi marşrutların yenidən qiymətləndirildiyi hazırkı şəraitdə Azərbaycanın Avropa ölkələri ilə iqtisadi əməkdaşlığı daha geniş strateji əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Rövşən Muradov Realist.az-a açıqlamasında bildirib ki, Xəzər hövzəsi ilə Qara dəniz və Aralıq dənizi iqtisadi məkanları arasında yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyini enerji, nəqliyyat və ticarət əlaqələrinin inkişafı üçün mühüm üstünlüyə çevirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində yaradılan infrastruktur və formalaşan beynəlxalq tərəfdaşlıq münasibətləri Azərbaycanın Avrasiyanın iqtisadi əlaqələr sistemində rolunu artırır.

R.Muradov qeyd edib ki, Avropa ilə iqtisadi münasibətlərdə enerji sektoru aparıcı mövqeyini qoruyur. Cənub Qaz Dəhlizinin fəaliyyəti Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində rolunu gücləndirməklə yanaşı, tərəflər arasında uzunmüddətli iqtisadi maraqların formalaşmasına da şərait yaradıb.

Onun fikrincə, enerji əməkdaşlığının əhəmiyyəti yalnız ixrac gəlirləri ilə məhdudlaşmır. Beynəlxalq enerji infrastrukturunda iştirak Azərbaycanın strateji tərəfdaşlıq imkanlarını genişləndirir. Bununla yanaşı, Avropanın dekarbonizasiya siyasəti əməkdaşlığın gələcək istiqamətlərinə yeni tələblər müəyyənləşdirir. Bərpaolunan enerji istehsalı, elektrik enerjisinin ixracı və yaşıl texnologiyalar sahəsində birgə layihələr ölkəmizin enerji bazarındakı mövqeyinin qorunması baxımından əlavə imkanlar yaradır.

Deputat Azərbaycanın nəqliyyat-logistika sahəsindəki potensialına da diqqət çəkib. Bildirib ki, Orta Dəhlizin inkişafı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ölkəmizin tranzit imkanlarını artırır. Bununla belə, beynəlxalq yükdaşımalar bazarında rəqabət qabiliyyətinin təmin edilməsi üçün yalnız coğrafi mövqe kifayət etmir. Daşınma müddətinin azaldılması, tarif siyasətinin uzlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal nəqliyyat əlaqələrinin əlaqələndirilməsi də mühüm şərtlərdəndir.

R.Muradov vurğulayıb ki, Azərbaycanın əsas məqsədlərindən biri tranzit gəlirlərini artırmaqla yanaşı, logistika sektorunu emal sənayesi və ixracyönümlü istehsalla əlaqələndirməkdir. Bu, nəqliyyat infrastrukturuna yatırılan investisiyaların ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da artıracaq.

Deputat Cənubi Qafqazda yaranmış yeni siyasi-iqtisadi şəraitin də Avropa ilə əməkdaşlığın perspektivlərinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun iqtisadi coğrafiyasında yeni imkanlar formalaşdırıb.

O qeyd edib ki, nəqliyyat kommunikasiyalarının inkişafı, enerji infrastrukturunun qurulması və yeni istehsal sahələrinin yaradılması azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Regional bağlantıların genişləndirilməsi isə beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi və investisiya əməkdaşlığı üçün əlavə perspektivlər açır.

R.Muradov Avropa ölkələri ilə turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin də qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, turizmin nəqliyyat, xidmət, ticarət və kənd təsərrüfatı ilə qarşılıqlı əlaqəsi regionlarda iqtisadi fəallığın artmasına müsbət təsir göstərir. Azərbaycanın mədəni irsi, təbii-coğrafi müxtəlifliyi və inkişaf edən turizm infrastrukturu Avropa bazarlarında yeni imkanlar yaradır.

Deputatın fikrincə, bu potensialdan daha səmərəli istifadə etmək üçün beynəlxalq aviasiya əlaqələrinin genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və regional turizm marşrutlarının inkişafı vacibdir.

Avropa investorlarının Azərbaycana marağının artırılmasının da mühüm əhəmiyyət daşıdığını bildirən deputat vurğulayıb ki, xarici kapitalın cəlbi üçün makroiqtisadi sabitlik, hüquqi təminatlar, şəffaf tənzimləmə mühiti və investisiya risklərinin idarə olunması əsas şərtlərdəndir.

O əlavə edib ki, dövlət-özəl tərəfdaşlığının inkişafı, kapital bazarlarının genişləndirilməsi və sənaye kooperasiyasının təşviqi Avropa sərmayələrinin qeyri-neft sektoruna yönəldilməsini sürətləndirə bilər. Xüsusilə emal sənayesi, aqrar texnologiyalar, rəqəmsal xidmətlər və enerji avadanlıqlarının istehsalı sahələrində birgə müəssisələrin yaradılması xarici investisiyaların texnoloji təsirini artıracaq. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində nəqliyyat, enerji və rəqəmsal bağlantılar üzrə əməkdaşlıq imkanlarından istifadə də bu baxımdan əhəmiyyətlidir.

R.Muradov hesab edir ki, Azərbaycanın Avropa ilə iqtisadi əməkdaşlığının növbəti mərhələsində əsas vəzifə mövcud enerji və tranzit imkanlarını daha geniş istehsal və investisiya əlaqələri ilə tamamlamaqdır. Bunun üçün Avropa bazarlarının texniki və ekoloji standartlarına uyğun istehsalın təşviqi, yerli müəssisələrin beynəlxalq təchizat zəncirlərinə qoşulması və yüksək texnologiyalı sahələrə investisiyaların artırılması vacibdir.

Deputat sonda vurğulayıb ki, xarici iqtisadi əməkdaşlığın nəticələri yalnız ticarət dövriyyəsi və investisiya həcmləri ilə deyil, həm də əmək məhsuldarlığına, qeyri-neft ixracına və ölkə daxilində yaradılan iqtisadi dəyərə təsiri ilə qiymətləndirilməlidir. Azərbaycanın milli maraqlara əsaslanan tərəfdaşlıq siyasəti Avropa ilə əlaqələrin qarşılıqlı fayda əsasında inkişafına və ölkənin beynəlxalq iqtisadi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın